- Həbs qərarı çıxarılan Ermənistanın sabiq prezidenti Robert Köçəryan hələ də tibb mərkəzindədir
Ermənistanın ikinci prezidenti Robert Köçəryan tibbi müayinədən keçirilir.
Sherg.az xəbər verir ki, bu barədə onun vəkili Aram Orbelyan bildirib.
Daha əvvəl məlumat verilmişdi ki, sabiq prezident məhkəmə iclasından sonra gecə saatlarında “Surp Qriqor Lusavoriç” tibb mərkəzinə aparılıb. Avqustun 27-də səhər Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi keçmiş dövlət başçısının iki ay müddətinə həbs edildiyini açıqlayıb.
“Köçəryan tibbi müayinədən keçirilir, analizlər verir”, - deyə vəkil bildirib.
Avqustun 25-də Ermənistanın sabiq prezidenti saxlanılıb, daha sonra yaxın vaxtlarda keçirdiyi stentləmə əməliyyatından sonra səhhətinin pisləşməsi səbəbilə xəstəxanaya yerləşdirilib.
Robert Köçəryana əmlakın qanunsuz əldə edilməsi ilə bağlı ittiham irəli sürülüb. İstintaqın versiyasına görə, prezident olduğu dövrdə o, digər şəxslərlə əlbir olaraq və vəzifəsindən istifadə etməklə bir sıra ictimai və iqtisadi əhəmiyyətli obyektləri bazar qiymətindən aşağı qiymətə əldə edib.