Rusiya Avropaya istənilən an nüvə zərbəsi endirə bilər - RƏY

Rusiya–Qərb münasibətlərində gərginliyin artması və Moskvanın nüvə doktrinasında etdiyi dəyişikliklər Avropada təhlükəsizliklə bağlı narahatlıqları daha da gücləndirir. Məhz bu fonda amerikalı jurnalist Taker Karlsonun Rusiyanın Avropaya qarşı nüvə zərbəsi ehtimalı ilə bağlı səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Taker Karlson qeyd edib ki, Rusiyanın Avropaya nüvə zərbəsi endirəcəyi təhlükəsi artıq mücərrəd nəzəriyyə olmaqdan çıxaraq, reallığa çevrilib: “Vəziyyət dəyişir. Rusiya öz nüvə doktrinasını açıq şəkildə yenidən redaktə edərək, ora nüvə silahına malik dövlətlərin proksiləri kimi çıxış edən ölkələrə qarşı nüvə silahından istifadə imkanını daxil edib. Formal olaraq bu, rus bürokratiyasına xas dildir, mahiyyət etibarilə bu mənanı verir: Rusiya özünün müəyyən etdiyi qayda və qanunlara əsasən, artıq nüvə silahına malik olmayan Almaniya kimi bir ölkəyə qarşı belə nüvə zərbəsini məqbul hesab edir”.

Karlson həmçinin bildirib ki, Böyük Britaniya da formal olaraq nüvə silahına sahibdir, məsələ yalnız onun real nəzarətinin kimdə olmasındadır: “Almaniya isə nüvə silahına malik deyil. Buna baxmayaraq, Rusiya faktiki olaraq bəyan edib ki, belə ölkələr nüvə zərbəsi üçün qanuni hədəfə çevrilirlər. Burada söhbət hücuma cavab və ya müdafiə xarakterli istifadədən yox, qabaqlayıcı nüvə zərbəsi ehtimalından gedir. Moskvanın versiyasına görə, bu cür dövlətlər Rusiyanı “təhrik” edirlər, buna görə də məhv edilə bilərlər”.

Mövzunu şərh edən siyasi şərhçi Sona Əliyeva “Sherg.az”a açıqlamasında Rusiyanın Avropaya istənilən an nüvə zərbəsi endirə biləcəyini deyib. Onun sözlərinə görə, bunu Rusiya prezidenti Valdimir Putin də dəfələrlə açıq şəkildə ifadə edib: ““Rusiyasız dünya bizə lazım deyil" prinsipi ilə düşünən Kreml elitası Ukrayna savaşında kəskin yenilgiyə uğrayarsa, o zaman hər şeyi kökündən və birdəfəlik həll etməyə çalışacaq. Çünki bu "KQB təfəkkürü"üdür. Ruslar savaş və qalibiyyət məsələsində heç vaxt zarafat etməyi xoşlamırlar. Hər şey Ukrayna məsələsində Avropanın tutacağı yekdil möbqedən asılı olacaq. Əgər Rusiyaya qarşı intihar cəhdi baş verərsə, o zaman Moskva bütün məsuliyyəti öz üzərinə götürərək Qərbin üzərinə odla yeriyəcək. Hadisələrin gedişi də elə bu istiqamətdədir. Bu gedişlə üçüncü dünya savaşı da elə Avropadan başlayacaq”.