2026-cı il yanvarın 30-dan etibarən jurnalist Fuad Abbasovun təsis etdiyi “MİSRA TV - Rusiya azərbaycanlılarının Beynəlxalq İnformasiya Xidməti” Rusiyada rəsmi olaraq “xarici agent” statusu alıb.
Bu barədə Sherg.az jurnalistin Facebook səhifəsində etdiyi paylaşıma əsasən xəbər verir.
Paylaşımda qeyd olunur ki, Bürokratik dildə əsaslandırılan qərar mahiyyət etibarilə müstəqil jurnalist fəaliyyətinə qarşı yönəlib. Xüsusilə Rusiyanın Ukraynada apardığı müharibə ilə razılaşmayan, alternativ mövqe sərgiləyən media platformalarının hədəfə alınması son illərdə sistemli xarakter almaqdadır. Lakin “MİSRA TV” heç vaxt siyasi təşkilat qismində fəaliyyət göstərməyib. Hər hansı “təxribatçı fəaliyyət”lə əlaqələndirilə biləcək addımı olmayıb. Platforma Rusiyada yaşayan azərbaycanlı diasporunun hüquqlarının müdafiəsi, milli-mədəni irsin qorunması və xalqlar arasında qarşılıqlı anlaşmanın təşviqi məqsədilə yaradılıb. Lakin görünən odur ki, bugünkü reallıqda həqiqəti demək və müstəqil qalmaq bəzi dairələr üçün təhlükə sayılır. “Xarici agent” anlayışı hüquqi məzmundan uzaqlaşaraq, fərqli mövqeləri məhdudlaşdırmaq və azad medianı təzyiq altında saxlamaq üçün istifadə olunan vasitəyə çevrilib.
Xatırladaq ki, “MİSRA TV” bu siyahıya salınan ikinci azərbaycanlı media layihəsidir. Ondan əvvəl azərbaycanlı jurnalist Ruslan Süleymanov eyni damğa ilə üzləşmişdi. Bu yanaşma azərbaycanlı jurnalistlərin fəaliyyətinə münasibətdə açıq şəkildə formalaşan tendensiyadır.
Onu da qeyd edək ki, Fuad Abbasov 2019-cu ildə jurnalist fəaliyyəti və Qarabağ məsələsində Rusiya hakimiyyətinin mövqeyini açıq şəkildə tənqid etdiyinə görə saxlanılmışdı. O, 40 gün təcridxanada saxlanıldıqdan sonra Rusiyadan 2069-cu ilə qədər (50 il müddətinə) deportasiya edilmişdi. Aradan illər keçdikdən sonra jurnalistin fəaliyyətində “xarici təsir”in aşkar edilməsi ilə bağlı iddialar irəli sürülməsi isə bu qərarın hüquqi deyil, siyasi xarakter daşıdığına dair sualları daha da gücləndirir. Əgər bu gün “xarici agent” statusu sadəcə sual verən jurnalistə şamil edilirsə, sabah bu yanaşmanın kimləri hədəfə alacağı sual altındadır.