ABŞ Prezidenti Donald Tramp Rusiyanın İran ətrafındakı vəziyyətin nizamlanmasına yardım göstərmək təklifinə maraq və hörmətlə yanaşıb.
Sherg.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında bildirib.
Ryabkovun sözlərinə görə, Vaşinqtonun Moskvanın təklifinə reaksiyası müsbət olub. Lakin o qeyd edib ki, ABŞ-ın bu məsələdə praktiki addımlar atıb-atmayacağı hələlik açıq qalır.
Diplomat vurğulayıb ki, ABŞ daha əvvəl də bir sıra məsələlərdə müəyyən bəyanatlar versə də, sonradan fərqli mövqe nümayiş etdirib. Onun fikrincə, niyyətlə real fəaliyyət arasındakı fərqin aradan qaldırılması hazırda Rusiya-ABŞ münasibətlərinin əsas problemlərindən biridir.
Ryabkov əlavə edib ki, bu məsələ təkcə İranla bağlı deyil, həm də Ukrayna böhranı, Yaxın Şərqdəki vəziyyət, Hörmüz boğazı ətrafında yaranan gərginlik və ikitərəfli münasibətlərdəki digər problemləri əhatə edir. O bildirib ki, Moskvanın Vaşinqtona ünvanladığı bir çox suallar hələ də cavabsız qalır.