Sergey Kopırkin əndazəni aşdı - ŞƏRH

Rus səfir Azərbaycana qarşı böhtan kampaniyasına qoşulub "Rusiya son günlər müxtəlif yollarla çalışır ki, Ermənistan cəmiyyətindəki imicini yüksəltsin”
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin müasir Ermənistan tarixinin ən qaranlıq səhifələrindən birinin yaşandığını deyib. O iddia edib ki, Qarabağın 100 min sakininin öz vətənlərini necə tərk etməyə “məcbur edildiyinin” şahidi olub: “Bu faciənin ilk günlərindən Rusiya məcburi köçkünlərə həm özəl təşkilatlar, həm də dövlət səviyyəsində yardımlar edir. Rusiya bunu özünün faciəsi kimi qəbul edir”. Qeyd edək ki, Azərbaycan Ordusu 19-20 sentyabrda apardığı lokal antiterror tədbirləri zamanı heç bir mülki obyektə zərbə endirməyib, bir mülki ev belə zərər görməyib, yalnız legitim hədəflər məhv edilib. Antiterror tədbirləri başa çatandan sonra isə erməni sakinlərə Azərbaycana inteqrasiya təklif edilib və öz evlərində qalmaları üçün bütün şərait yaradılıb. Bu həqiqəti rus səfir Kopırkinin bilməməsi mümkün deyil, çünki hər şey Qarabağdakı rus sülhməramlıların gözü önündə baş verib. Belə halda rus səfirin Azərbaycana qarşı böhtan kampaniyasına qoşulması təəccüblüdür.
  Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanın Qarabağda həyata keçirtdiyi antiterror tədbirlərindən sonra Ermənistan cəmiyyətində Rusiya barəsində mənfi imic formalaşdı. Analitik qeyd edib ki, Ermənistan cəmiyyəti gördü ki, Rusiya əməliyyata heç bir şəkildə müdaxilə etmədi və Azərbaycan Qarabağ məsələsini birdəfəlik öz xeyrinə həll etdi:
"Rusiya son günlər müxtəlif yollarla çalışır ki, Ermənistan cəmiyyətindəki imicini yüksəltsin. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu açıqlamalarını İrəvanda səsləndirib. Moskva dolayı yolla göstərməyə çalışır ki, baş verənlərin günahkarı indiki hökumət, yəni Nikol Paşinyandır. Hər fürsətdə vurğulayırlar ki, əgər Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, problem rəsmi Bakının xeyrinə həll olunmazdı. Faktiki olaraq Paşinyanı xain, erməni maraqlarını satmış şəxs kimi qələmə verirlər. Bunun əvəzində Kremlin ermənilərin problemini öz problemi kimi gördüyünün mesajını ötürürlər. Ermənilərlə mənəvi bağın qırılmasına mane olmağa çalışırlar".
  T.Rzayevə görə, Rusiya digər yandan Azərbaycana qarşı təzyiq edir: "Rusiya Qarabağdakı sülhməramlı kontingenti fərqli adlarla saxlamaq niyyətindədir. Halbuki Qarabağda erməni əhali qalmayıbsa, rus sülhməramlılarının missiyası da bitmiş sayılır. Sülhməramlıları Qarabağda saxlamaq üçün bəhanə qalmadığına görə formatı dəyişməyə çalışırlar. Təbii ki, Azərbaycan dövləti də buna razılıq vermir. O baxımdan Rusiya rəsmiləri Bakıya da təzyiq göstərməyə cəhd edirlər".