Sosial media uşaqlar arasında kosmetik məhsullardan istifadəni artırır

Sosial medianın təsiri ilə azyaşlı qızlar arasında kosmetik məhsullardan istifadə getdikcə geniş yayılır. Mütəxəssislər bunun uşaqların həm fiziki, həm də psixoloji inkişafı üçün ciddi risklər yaratdığını bildirirlər.

Sherg.az xəbər verir ki, xüsusilə TikTok və Instagram platformalarında "Mənimlə hazırlaş" və "Məktəbdən sonrakı rutinim" kimi videolar paylaşan uşaqlar bahalı kosmetik vasitələri tanıdır, dəriyə qulluq məhsullarından istifadəyə yaşıdlarını həvəsləndirirlər.

Dermatoloq Covanni Damianinin sözlərinə görə, uşaqlarda kosmetik vasitələrdən yaşa uyğun olmayan və həddindən artıq istifadə nəticəsində yaranan vəziyyət "kosmetikoreksiya" (cosmeticorexia) adlanır. Bu hal mükəmməl dəriyə sahib olmaq istəyinin asılılıq səviyyəsinə çatması ilə xarakterizə olunur.

Mütəxəssis xəbərdarlıq edib ki, retinol və kollageni artıran serumlar kimi böyüklər üçün nəzərdə tutulmuş məhsullar uşaqların dərisinin təbii inkişafına mənfi təsir göstərə, allergiya, dermatit və digər dəri problemlərinə səbəb ola bilər. Bundan əlavə, erkən yaşda kosmetik vasitələrə aludəçilik gələcəkdə narahatlıq, özgüvən problemləri və psixoloji pozuntuların yaranma riskini də artırır.

Mütəxəssislər valideynlərə övladlarının sosial media məzmununa nəzarət etməyi, kosmetik məhsulların istifadəsinə ehtiyatla yanaşmağı və uşaqları real gözəllik anlayışı barədə maarifləndirməyi tövsiyə edirlər.