“Sülh bəyanatları yetərli deyil, praktik addımlar vacibdir” - ANALİTİK

Ülviyyə Zülfiqarova: “Paşinyan sülhün iqtisadi dividendlərini önə çəkir, amma revanşistlər hələ də aktivdir”

Ermənistan Baş naziri Nikol Paşinyan növbəti açıqlamasında Azərbaycanın Ermənistanla bərqərar sülhü qoruyub saxlamaqda qərarlı olduğunu bildirib. Paşinyan vurğulayıb ki, əldə olunan sülh ölkəyə yeni iqtisadi imkanlar yaradır, sərhədlərin və dəmir yollarının açılması, bütün qonşularla ticarət imkanlarının genişlənməsi region üçün tamamilə yeni şərait formalaşdırır:

““Dəmir yolu və sərhədlərin açılacağını, bütün qonşularla ticarət olacağını təsəvvür edə bilirdinizmi? Bunlar bizim üçün də tamamilə yeni amillərdir. İnanıram ki, sülh artıq Ermənistanın iqtisadi, ictimai və sosial həyatına çox müsbət təsir göstərir. Bizim prioritetimiz sülh qovşağı olmaqdır”.

Baş nazir əlavə edib ki, Ermənistan indi “kənardan mərkəzə doğru” hərəkət edir; fiziki olaraq eyni yerdə qalsa da, regionla münasibətlərdə yeni yanaşmalar formalaşır. O qeyd edib ki, düşmənçilik ocağını bir anda söndürmək mümkün olmasa da, proses artıq başlayıb və region ölkələrinin bir-birinə qarşı təsəvvürləri yaxşıya doğru dəyişir. Paşinyan bu prosesin siyasi missiyanın bir hissəsi olduğunu və sülhün qorunmasında həm Ermənistanda, həm də Azərbaycanda güclü iradənin mövcud olduğunu vurğulayıb: “Açığı, bu, siyasi missiyamızın bir hissəsidir. İnanıram ki, biz bu missiyanı həyata keçirmək üçün güclü iradəyə malikik, hiss etdiyim budur ki, nəticə təmin etmək qərarlılığı təkcə Ermənistanda yox, həm də Azərbaycanda da var”.

Politoloq Ülviyyə Zülfiqarova “Sherg.az”a bildirib ki, Ermənistanın baş nazirinin növbəti dəfə sülhün iqtisadi və sosial dividendlərini ön plana çıxarması təsadüfi deyil. Politoloqun sözlərinə görə, sərhədlərin və dəmir yollarının açılması, regiondaxili ticarətin genişlənməsi, tranzit imkanlarının artması, bütün bunlar Ermənistan üçün uzun illər öz işğalçı siyasəti ucbatından blokada şəraitində formalaşmış acınacaqlı iqtisadi durumun dəyişməsi deməkdir. Lakin Ermənistanda revanşist qüvvələrin hələ də aktiv olduğunu vurğulayan Ü. Zülfiqarova qeyd edib ki, bu qüvvələr sülh gündəliyini başqa formada təqdim etməyə çalışırlar:

“Xüsusilə seçkiyə yaxın dövrlərdə emosional manipulyasiyanı artırmaqla hökuməti qaralamağa çalışırlar. Bununla yanaşı, reallıq ondan ibarətdir ki, Ermənistan cəmiyyətində müəyyən transformasiya baş verir. Uzunmüddətli qarşıdurma miqrasiya, investisiya çatışmazlığı və təhlükəsizlik kimi problemləri dərinləşdirdi. Bu baxımdan, sülhün iqtisadi dividendləri barədə açıq danışmaq artıq bu reallıqların etirafıdır. Əsas məsələ bəyanatlarla əməli addımlar arasındakı uyğunluqdur. Kommunikasiya xətlərinin açılması və hüquqi-siyasi çərçivənin sabitləşməsi Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına təkan verə bilər. Əks halda, seçki ritorikası və revanşist təzyiqlər sülh prosesini ləngidə və ya qeyri-müəyyən mərhələyə keçirə bilər. Bu gün Paşinyanın qarşısında duran əsas məsələ sülhü siyasi bəyanatdan praktik addımlara keçirməkdir”