- Onun Ərdoğan və Türkiyə ilə bağlı söylədikləri iki ölkə arasında münasibətlərdə müəyyən istiləşmənin baş verdiyini göstərir
ABŞ Prezidenti Donald Trampın NATO Baş katibi Mark Rutte ilə görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı səsləndirdiyi fikirlər beynəlxalq gündəmin diqqət mərkəzinə çevrilib. Tramp Ərdoğanın İsrailə qarşı hərbi əməliyyatlara qoşulmaq niyyətində olduğunu, lakin onun şəxsi xahişindən sonra bu addımdan imtina etdiyini iddia edib. Eyni zamanda, Türkiyənin hərbi gücünə və F-35 proqramına marağına toxunan ABŞ prezidenti Ankara ilə Vaşinqton arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini vurğulayıb. Trampın bu bəyanatları Türkiyənin İsrail-İran gərginliyi fonunda tutduğu mövqe, ABŞ-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti və NATO daxilindəki siyasi dinamika ilə bağlı yeni suallar yaradıb.
Sabiq deputat, Azərbaycanın İrandakı keçmiş səfiri, professor Nəsib Nəsibli Sherg.az-a bildirib ki, Trampın bəyanatlarına bir qədər şərti yanaşmaq lazımdır:
“Yəni o qədər sərbəst fikirlər irəli sürür ki, bunu ABŞ-nin rəsmi mövqeyi kimi qəbul etmək çox çətindir. Son aylarda Trampın İranla bağlı bəyanatlarını yan-yana qoyub sıralasaq, görərik ki, bir-biri ilə ziddiyyət təşkil edən fikirlər var. Amma əlbəttə ki, o ABŞ prezidentidir və onu ciddiyə almaq məcburiyyətindəyik. Bu baxımdan, Ərdoğanla və Türkiyə ilə bağlı söylədikləri son illərdə, daha doğrusu, Trampın prezidentliyi dövründə Türkiyə ilə ABŞ arasında münasibətlərdə müəyyən istiləşmənin baş verdiyini göstərir və ya bunun nəticəsi kimi qiymətləndirilə bilər”. İsrail məsələsinə gəldikdə isə, mən düşünmürəm ki, Ərdoğan İran məsələsinə görə İsraillə müharibəyə girmək niyyətində olub. Bu, Trampın şərhidir və dediyim kimi, ona şərti yanaşmaq lazımdır.
Ankaradakı NATO zirvəsi barəsində də danışan professor qeyd edib ki, Zirvə görüşünün Türkiyədə keçirilməsi müsbət haldır:
“Türkiyə Prezidentinin ev sahibliyi etməsi də yaxşıdır. Çünki burada ikitərəfli, çoxtərəfli və müxtəlif formatlı görüşlər keçirilir.Bu gün qəbul ediləcək qərarlar NATO-nun gələcəyinə təsir göstərəcək qərarlar olacaq. Ona görə də həmin qərarların nəticələrini izləmək lazımdır”.