Tramp: F-35-lərlə bağlı qərar verəcəyik, Türkiyə çox yaxşı müttəfiqdir

ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammitinin yekununda keçirdiyi mətbuat konfransında Türkiyə, İran və F-35 proqramı ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Sherg.az xəbər verir ki, Tramp çıxışına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etməklə başlayıb. O, Ərdoğanı "güclü lider" adlandıraraq, NATO sammitinin yüksək səviyyədə təşkil olunduğunu bildirib.

ABŞ prezidenti Türkiyənin F-35 proqramına mümkün qayıdışı ilə bağlı suala cavabında bu məsələ üzrə qərarın veriləcəyini deyib. O, Türkiyəni NATO-nun ən mühüm müttəfiqlərindən biri adlandıraraq, "Türkiyə ilə münasibətlərimiz əladır. F-35 məsələsi ilə bağlı qərar verəcəyik. Türkiyə çox yaxşı müttəfiqdir", - deyə vurğulayıb.

İranla bağlı danışan Tramp isə Tehranın heç vaxt nüvə silahına sahib olmayacağını bildirib. O, müharibənin yenidən başlamasını gözləmədiyini qeyd edərək, "Mən İranın öldürüləcək şəxslər siyahısında bir nömrəyəm. Müharibə yenidən başlamayacaq və çox tez başa çatacaq. Uzunmüddətli qarşıdurma gözləmirəm", - deyə bildirib.

Tramp həmçinin ABŞ-ın NATO daxilində müdafiə xərclərini rekord səviyyədə artırdığını və alyans qarşısında öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.