ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından keçən gəmilər üçün nəzərdə tutulan 20 faizlik keçid rüsumundan imtina etdiklərini açıqlayıb.
Sherg.az xəbər verir ki, Tramp sosial şəbəkədəki paylaşımında Hörmüz boğazının İran istisna olmaqla bütün gəmilər üçün açıq olduğunu bildirib. Onun sözlərinə görə, tətbiq olunacaq nəzarət yalnız İran limanlarına gedən, oradan çıxan və ya İranla əlaqəli yük daşıyan gəmiləri əhatə edəcək.
ABŞ lideri qeyd edib ki, Körfəz ölkələri ilə aparılan danışıqlardan sonra 20 faizlik rüsumun əvəzinə ABŞ-la geniş ticarət və investisiya sazişlərinin imzalanması barədə qərar verilib.
Tramp İranla bağlı sərt bəyanatlar da səsləndirərək, “İlk atəşi onlar açdı və bu, böyük səhv idi. Biz də onların üzərinə cəhənnəm kimi gedirik. İranı çox sərt vururuq”, - deyə bildirib.
Bu arada İran parlamentinin 180 üzvü ABŞ-nin öhdəliklərinə əməl etmədiyini iddia edərək, Vaşinqtonla bağlanmış anlaşmanın ləğv olunmasına çağırış edib.
Tramp Vaşinqtonda İraqın Baş naziri Əli Zeydi ilə görüşü zamanı ABŞ qoşunlarının ayın 30-da İraqdan tamamilə çıxarılacağını da bəyan edib. O, həmçinin İranın hərbi potensialının son aylarda ciddi şəkildə zəiflədiyini vurğulayıb.