Tramp: İrana çox sərt dərs verdik

ABŞ Prezidenti Donald Tramp İrana tətbiq edilən dəniz blokadasının çox təsirli olduğunu bildirib. O, İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklərini və ölkəyə “çox sərt dərs” verdiklərini deyib.

Sherg.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirilən tədbirdə çıxışı zamanı danışıb.

ABŞ Prezidenti İranın nüvə silahı əldə etməyə çox yaxın olduğunu, lakin hazırda bunun artıq mümkün olmadığını iddia edib. “İran heç vaxt nüvə silahına sahib ola bilməyəcək”, - deyə Tramp bildirib.

O, ABŞ Hərbi Dəniz Qüvvələrinin İrana qarşı tətbiq etdiyi blokadanın “çox uğurlu” olduğunu vurğulayıb. Trampın sözlərinə görə, blokada Hörmüz boğazından tanker keçidlərinin qarşısını almaqda mühüm rol oynayıb.

“Blokada o qədər güclü və təsirli oldu ki, heç kim onun bu qədər yaxşı işləyəcəyini düşünmürdü”, - deyə ABŞ Prezidenti qeyd edib.