Tramp öz rekordunu yeniləyib: “İran terrorun əsas sponsorudur”

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Konqresdə ənənəvi “Birliyin Durumu” çıxışı edib. 1 saat 48 dəqiqə davam edən nitq ilə o, öz rekordunu yeniləyib.

Sherg.az xəbər verir ki, Tramp çıxışında İranı “dünyanın ən böyük terror sponsoru” adlandırıb və Tehranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini bildirib. O, İrana qarşı mümkün hərbi əməliyyat variantının hələ də gündəmdə olduğunu desə də, prioritetin diplomatiya olduğunu vurğulayıb.

ABŞ lideri həmçinin qlobal gömrük rüsumlarını 10 faizdən 15 faizə qaldırdığını açıqlayıb və ABŞ Ali Məhkəməsinin tarifləri ləğv edən qərarını tənqid edib.

Çıxış zamanı Konqresdə gərgin anlar yaşanıb, bəzi demokrat konqresmenlər etiraz etdiklərinə görə zaldan çıxarılıb. Tramp iqtisadi göstəricilərin yaxşılaşdığını iddia etsə də, sorğular əhalinin əksəriyyətinin onun fəaliyyətini dəstəkləmədiyini göstərir.