Trampın 500 milyon dollarlıq “uçan qalası” ilk beynəlxalq uçuşunu Türkiyəyə edə bilər

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qətərin ABŞ-yə hədiyyə etdiyi təxminən 500 milyon dollar dəyərindəki Boeing 747-8 artıq prezident təyyarələri parkına daxil edilib.

Sherg.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri tərəfindən modernləşdirilən təyyarə “uçan Ağ Ev” formatına uyğunlaşdırılıb. Təhlükəsizlik, rabitə və digər texnoloji sistemlər yenilənib, təyyarə isə qırmızı, ağ, mavi və qızılı rənglərlə yenidən rənglənib.

Məlumata görə, sertifikatlaşdırma və sınaq uçuşları başa çatdıqdan sonra təyyarənin ilk beynəlxalq missiyalarından biri iyul ayında Ankarada keçiriləcək NATO sammitinə Prezident Trampı gətirmək ola bilər.

Tramp yeni təyyarə ilə bağlı açıqlamasında bildirib ki, bu hava gəmisi indiyədək görünməmiş lüks səviyyəsində “uçan Ağ Ev”ə çevrilib.

Qeyd edək ki, təyyarə 2025-ci ilin mayında Qətər kral ailəsi tərəfindən ABŞ Müdafiə Nazirliyinə hədiyyə edilib. O, yeni nəsil prezident təyyarələri tam təhvil verilənədək müvəqqəti olaraq Air Force One parkında istifadə olunacaq.