Türkiyə iki gün əvvəlkindən daha güclüdür - Politoloqdan maraqlı proqnoz

  • “Türkiyə NATO-nun silah anbarına çevrilir”

Ankarada keçirilən NATO Zirvəsi alyansın gələcək təhlükəsizlik strategiyası, müdafiə siyasəti və geosiyasi prioritetləri baxımından diqqət mərkəzindədir. Zirvənin yekunları ilə bağlı müxtəlif qiymətləndirmələr səsləndirilir. Qəbul edilən qərarlar və verilən mesajlar isə Türkiyənin NATO daxilindəki mövqeyinin daha da gücləndiyini göstərir.

Beynəlxalq siyasət üzrə ekspert Dr.Hüsamettin İnaç Sherg.az-a bu zirvənin Türkiyə üçün çox ciddi dönüş nöqtəsi olduğunu söyləyib: 

"NATO öz mövcudluğunu yeni missiya və baxış bucağı ilə yenidən müəyyənləşdirdi. Bu missiya ilə baxış Türkiyəni tamamilə NATO-nun mərkəzinə yerləşdirdi. Türkiyə artıq cinah ölkəsi olmaqdan çıxaraq mərkəz ölkəyə çevrildi. Bundan sonra Ankara NATO-nun qərar qəbuletmə mexanizmlərində daha fəal şəkildə yer alacaq.

Burada, Türkiyənin geosiyasi əhəmiyyəti ön plana çıxdı. Çünki Türkiyə təkcə Avropa ölkəsi deyil, eyni zamanda Asiya, Afrika, Yaxın Şərq, Qafqaz, Qara dəniz və Aralıq dənizi ölkəsidir.

Bundan əlavə, imperiya keçmişinə malik olması da burada iştirakçılara açıq şəkildə hiss etdirildi. 16 türk dövlətinin hərbçilərinin və Yeniçəri Ocağının nümayəndələrinin qarşıladığl liderlər Türkiyənin böyüklüyünü, qüdrətini və təşkilatçılıq sahəsindəki uğurunu bir daha gördülər".

Analitik NATO-nun "NATO 3.0" adı altında yenidən müəyyənləşdirildiyi bir dövrdə alyansın artıq Afro-Avrasiya birliyinə çevrildiyini söyləyib: 

"Afrika, Asiya və Avropanın birləşdiyi bir məkan, mərkəzində isə Şərqi Aralıq dənizinin yerləşdiyi müdafiə təşkilatına çevrildi. Bu çərçivədə Türkiyənin NATO daxilindəki rolu və missiyası daha da gücləndi. Bununla da həm Aralıq dənizinin, həm də Yaxın Şərqin qorunmasında Türkiyəyə daha fəal rol verildi.

Ukrayna məsələsi "birimiz hamımız, hamımız birimiz üçün" prinsipini əsas götürən NATO-nun beşinci maddəsinin yekun bəyannamədə ilk sıraya çıxarılmasına səbəb oldu. Beləliklə, NATO yaradıldığı ilk illərdə olduğu kimi yenidən kollektiv təhlükəsizlik təşkilatına döndü.

Bu baxımdan Türkiyənin indiyədək Ukrayna məsələsində izlədiyi fəal neytrallıq siyasəti daha da möhkəmləndi. Çünki həm Rusiya, həm də Ukrayna ilə danışa bilən demək olar ki, yeganə ölkə Türkiyədir".

Politoloq vurğulayıb ki, Ukraynaya 50 milyard dollardan artıq yardım ayrılması və müdafiə xərclərinin 70 milyard avroya qədər artırılması NATO-nun çəkindiriciliyini daha da gücləndirən amil kimi ön plana çıxır:

"Təbii ki, bundan sonrakı dövrdə müdafiə xərcləri məsələsində Türkiyə yenidən ön plana çıxacaq. Çünki bu gün ABŞ-nin əlində kifayət qədər silah-sursat və döyüş ehtiyatı yoxdur. Onların böyük hissəsi İran müharibəsində, Qəzzadakı soyqırımında və Rusiya-Ukrayna müharibəsində istifadə olunub.

Nəticə etibarilə burada başda "Patriot" raketləri olmaqla bir sıra sursatlar tamamilə ABŞ-dan alındı. Lakin hazırda Türkiyə çox sürətli istehsal həyata keçirə bilən, bunları daha ucuz qiymətə sata bilən və həqiqətən də son dərəcə funksional silahlara malik olan ölkədir. Bu isə rəsmi Ankaranın müdafiə və silah sənayesinin NATO bazarına açılması prosesini də özü ilə gətirəcək. Bu baxımdan Türkiyənin güclü silah sənayesi yeni ixrac istiqaməti kimi gündəmə gələcək.

Bundan sonrakı mərhələdə xüsusilə Türkiyə ilə bağlı CAATSA adlandırılan, ABŞ-nin rəqiblərinə tətbiq etdiyi sanksiyalar tamamilə aradan qaldırılır. Bununla yanaşı, F-35 qırıcılarının və F110 reaktiv mühərriklərinin Türkiyəyə verilməsi, bu yolla da KAAN qırıcısının qısa müddətdə silahlı qüvvələrin inventarına daxil olması mümkün olacaq".

Müsahibimiz qeyd edib ki, Türkiyə bu gün iki gün əvvələ nisbətən daha güclü ölkəyə çevrilib: 

"Türkiyə NATO daxilində daha geniş təmsil olundu. ABŞ-nin öz rolunu əsasən nüvə çəkindiriciliyi ilə məhdudlaşdıraraq alyansdan müəyyən qədər uzaqlaşdığı bir dövrdə yaranan boşluğu doldura biləcək ən mühüm ölkə olduğunu göstərdi. Bu baxımdan dünən və ondan əvvəlki gün, iki gün davam edən zirvə Türkiyənin NATO daxilindəki liderliyini möhkəmləndirdi. Onun həm regional, həm də qlobal miqyasda nə dərəcədə əhəmiyyət qazandığını göstərən inkişaf oldu".