Türkmənistan üçün Azərbaycan Qərbə açılan qapıdır - ŞƏRH

  • Türk coğrafiyasının genişlənməsi strateji hədəfə çevrilməlidir

“Hər bir ölkə ixrac potensialını genişləndirərkən optimal, səmərəli marşurutlar üzərində düşünür. Bu baxımdan digər Mərkəzi Asiya respublikaları ilə bərabər Türkmənistan üçün də Azərbaycan Qərbə açılan qapıdır”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli bildirib. Türkmənistan prezidentinin ölkəmizə səfərin şərh edən Ə.Bəydəmirli qeyd edib ki, türk coğrafiyasının genişlənməsi strateji hədəfə çevrilməlidir: 

- İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi Türk dünyasında, xüsusilə Mərkəzi Asiya Respublikalarında canlanmaya səbəb oldu. Həmin coğrafiyada yaşayan xalqlar anlamağa başladılar ki, heç bir imperiya təpkisi, iqtisadi-siyasi təhdidlər gerçək türk birliyinə əngəl ola bilməz. 44 günlük Vətən müharibəsində tarixi qələbəmiz bu birliyin dərinləşməsində yeni bir mərhələnin başlanğıcı oldu. Türk dövlətlərinin əməkdaşlığı, birliyi pozitiv hədəflərə söykənir. Burada böyük qardaş anlayışı yoxdur. Bərabərhüquqlu, iqtisadi inkişafa hədəflənən, təhlükəsizlik meyarları əsas götürülən bir mexanizm ortadadır. Mərkəzi Asiya Respublikaları rəhbərlərinin, xüsusilə ötən gün Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri və görüşlər zamanı səsləndirdiyi səmimi fikirlər əməkdaşlığın daha da dərinləşməsinə hədəfləndiyini göstərir. Hər bir ölkə ixrac potensialını genişləndirərkən optimal, səmərəli marşurutlar üzərində düşünür. Bu baxımdan digər Mərkəzi Asiya respublikaları ilə bərabər Türkmənistan üçün də Azərbaycan Qərbə açılan qapıdır.

Ə.Bəydəmirli bildirib kİ, bu coğrafiyadan keçən nəhəng tranzit xəttlər ən təhlükəsiz, iqtisadi cəhətdən əlverişli strateji layihələrdir: 

- Azərbaycan öz ərazisindən keçən nəhəng tranzit layihələrin gerçəkləşməsinə dəstək verməklə bərabər, Türk birliyinə strateji dəstəyini də ortaya qoyur. Nəhayət, tarixin gedişi göstərir ki, dünyada çox fərqli bir proseslər yaşanır. Bu gün isə geosiyasi proseslərin davamı olaraq, tarixi gerçəyin yaratdığı şəraitin diktəsilə türkdilli ölkələr arasında əməkdaşlıq xeyli dərinləşib. Hətta Türk Dövlətlər Təşkilatının hədəfləri böyük bir coğrafiya üçün strateji əhəmiyyət kəsb edir. Türk coğrafiyasının genişlənməsi millət olaraq bizim strateji hədəfimizə çevrilməlidir.