Ukraynanın 9 May paradına hərbi zərbə endirmək ehtimalı yoxdur - ANALİTİK

Ukrayna Prezidenti Volodimir Zelenskinin 9 May paradı ilə bağlı səsləndirdiyi son mesaj Moskvaya yönəlmiş ən sərt siyasi xəbərdarlıqlardan biri kimi qiymətləndirilir. Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa Siyasi Birliyinin toplantısında çıxış edən Zelenski açıq şəkildə bildirib ki, 9 May Qələbə Günü paradı zamanı Ukrayna dronları Moskva səmasında görünə bilər. Onun sözlərinə görə, Rusiyanın bu il paradı əvvəlki illərdən fərqli şəkildə keçirməyə hazırlaşması, xüsusilə də uzun illərdən sonra ilk dəfə hərbi texnikadan imtina etməsi Kremlin əvvəlki gücünü itirdiyini göstərən mühüm siqnaldır. Zelenskinin bu açıqlaması həm Rusiyaya psixoloji təzyiq, həm də 9 May simvolizmi üzərindən verilən açıq siyasi mesaj kimi dəyərləndirilir.

Politoloq Elçin Xalidbəyli Sherg.az-a söyləyib ki, Zelenskinin son açıqlamaları rəsmi Kiyevi Rusiyanı ən zəif yerindən vurmağa çalışdığını göstərir:

“Çünki Rusiya 9 May Qələbə Günü paradını özünün əsas qlobal simvollarından biri hesab edir və bu simvolun daim gündəmdə qalmasına, qlobal məkana məhz bu simvol üzərindən müəyyən mesajlar verilməsinə çalışır. Təbii ki, Prezident Zelenski də bu incə məqamı çox dəqiqliklə bilir. Ona görə də məhz Zelenski mesaj verir ki, Rusiyanın 9 May paradı bu dəfə hədəfə alına bilər. Əslində, Kreml də belə bir təhlükənin olduğunu anlayırdı. Elə buna görə də Vladimir Putin 9 May paradının keçiriləcəyi ərəfədə atəşkəs elan etməyə hazır olduqlarını bəyan etmişdi. Ancaq Zelenski hələlik bu təklifi qəbul etməyib və bildirib ki, Kreml 9 May ərəfəsində atəşkəsin elan olunması ilə bağlı rəsmi Kiyevə hər hansı müraciət göndərməyib. Yəni bu, birtərəfli atəşkəs ehtimalı olan bir məsələdir. Ona görə də Zelenski indidən mesaj verir ki, əgər həmin ərəfədə hərbi əməliyyatlar davam edərsə, bunun üçün Ukrayna hər hansı siyasi məsuliyyət daşımır. Çünki Rusiya bununla bağlı müraciət etməyib ki, bu məsələ müzakirə olunsun, qərarlar qəbul edilsin”

Analitik qeyd edib ki, Zelenskinin bu addımı faktiki olaraq Rusiya üçün dilemma yaratmaq məqsədi daşıyır:

“İndi Rusiya ya paradı təxirə salmalıdır və bu da Rusiyanın əsas qlobal simvolunun sarsıdıcı zərbə alması anlamına gəlir, ya da Ukraynaya atəşkəslə bağlı rəsmi müraciət göndərməlidir. Belə bir müraciətin göndərilməsi isə Kremlin Ukraynadan xahiş etməsi anlamı daşıyacaq ki, bu addım da Rusiyanın beynəlxalq nüfuzuna ciddi zərbə vura bilər. Eyni zamanda bu, Ukrayna ilə daha fərqli formatlarda müzakirələrin aparılması ehtimalını da artıra bilər. Təbii ki, vəziyyətin bu həddə çatmasının əsas günahkarı məhz Kremldir. İndi Kremlin 9 May paradı simvolikası ciddi risk altındadır. Rəsmi Kiyev də məhz bu simvolu hədəf aldığını qətiyyən gizlətmir. Böyük ehtimalla həmin ərəfədə situasiyanın gərginləşmə ehtimalı kifayət qədər yüksəkdir. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Kreml 9 May paradında keçmiş MDB ölkələrinin, eləcə də Rusiyanın əsas beynəlxalq tərəfdaşlarının siyasi liderlərinin iştirakında birbaşa maraqlıdır. Ancaq Prezident Zelenskinin xəbərdarlıq mesajı paradda iştirak etmək niyyətində olan bəzi dövlət başçılarının məsələyə tərəddüdlə yanaşmasına səbəb ola bilər. Onlar təhlükəsizlik təminatının olmadığını nəzərə alaraq bu paradda iştirakdan imtina qərarı da verə bilərlər. Yəni bu baxımdan 9 May paradının pozulması və yaxud daha sönük şəraitdə keçirilməsi ehtimalı mövcuddur”.

Ekspertin sözlərinə görə, ümumi götürdükdə, Ukraynanın məhz parada hərbi zərbə endirmək ehtimalı demək olar ki, yoxdur:

“Ukrayna tərəfi belə bir addım atmaz. Bu, olduqca qeyri-humanist addım olardı. Çünki orada çoxlu sayda mülki şəxsin olacağı qətiyyən şübhə doğurmur və ümumiyyətlə, belə kütləvi tədbirə hərbi zərbə endirilməsi yol verilməz addımdır. Bu baxımdan Prezident Zelenskinin açıqlamasını Kremlə qarşı sərt təzyiq metodu kimi də dəyərləndirmək mümkündür”.