Xankəndidən köçənlərin əksəriyyəti yerli əhali deyil

Nikol Paşinyan "qaçqın məsələsi" ilə siyasi alver etmək və mümkün qədər çox beynəlxalq maliyyə yardımı almağa çalışır
  Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdan könüllü köçən ermənilərdən danışıb. Baş nazir vurğulayıb ki, Qarabağdan köçənlər üçün yeni maliyyə yardımı proqramına başlanılacaq və uzunmüddətli mənzil təminatı məsələləri müzakirə olunacaq. Ancaq Paşinyan Qarabağdan öz xoşu ilə getmiş erməniləri "məcburi köçkün", "zorla çıxarılmış qaçqın" və s. adlandırır. İrəvan hökuməti ermənilərlə bağlı məsələni daimi beynəxalq qurumlarda qaldırmağa və rəsmi Bakıya təzyiq göstərilməsinə çalışır.
  Azərbaycan Demokratik Partiyasının sədr müavini Həsrət Rüstəmov açıqlamasında bildirib ki, Xankəndidəki ermənilərin əksəriyyəti orada sonradan məskunlaşmış və işğaldan əvvəl Azərbaycana heç bir aidiyyəti olmayan insanlardır. Analitik vurğulayıb ki, Xankəndidə yaşayan ermənilər bilirdilər ki, onları qeyri-qanuni məskunlaşdırıblar və buna görə Azərbaycan vətəndaşlığını almaq heç də asan olmayacaq:
"Köçənlərin əksəriyyəti Azərbaycan ərazilərinin işğalında və insanlarımıza qarşı cinayətlərdə bu və ya digər dərəcədə iştirak etmiş adamlar idi. Faktiki olaraq onları gözləyən haqlı cəzadan qorxub qaçdılar. Nikol Paşinyan "qaçqın məsələsi" ilə siyasi alver etmək və mümkün qədər çox beynəlxalq maliyyə yardımı almağa çalışır. Avropa İttifaqı və digər beynəlxalq təşkilatların vaxtilə öz doğma Vətənindən didərgin salınan həmvətənlərimizə olan susqun münasibətdən fərqli olaraq Xankəndidən könüllü köç edən ermənilərə göstərdiyi canfəşanlıq siyasi riyakarlıqdır. Çünki insan hüquqları məsələsini özünə prioritet seçən qurum milli və dini mənsubiyyətə görə insanlara bu cür fərqli münasibət bəsləməməlidir. Azərbaycan bu məsələdə haqlı mövqeyini təkrar-təkrar bildirməkdən, həqiqətləri dünyaya çatdırmaqdan yorulmamalı, ardıcıl diplomatik və siyasi səylər etməlidir".