Xocavəndli keçmiş məcburi köçkün: İnanırdıq ki, bir gün öz evimizə qayıdacağıq

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Xocavənd rayonunun Xocavənd kəndinə köç edən ailələr arasında Abbasovlar ailəsi də var.

APA-nın yerli bürosu xəbər verir ki, Abbasovlar I Qarabağ müharibəsi illərində məhz bu kənddən məcburi köçkün düşüblər.

Uzun illər ölkənin müxtəlif bölgələrində, yataqxanalarda və yarıtikili inzibati binalarda ağır şəraitdə yaşasalar da, doğma yurda qayıdacaqları günə olan ümidlərini heç vaxt itirməyiblər. Onlar bütün çətinliklərə baxmayaraq, bu inamla yaşayıb, qarşılarına çıxan maneələri adlayıblar.

Artıq ailə tam şəkildə doğma kəndində məskunlaşıb. Ailə başçısı Tahir Abbasov bildirir ki, illərlə bu günün həsrəti ilə yaşayıb: “Hər zaman inanırdıq ki, bir gün öz evimizə qayıdacağıq. Bu torpağın həsrəti ilə yaşamışıq. Şükür olsun Allaha. Artıq doğma yurdumuza gəlmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazi və veteranlarımız var olsun. Cənab prezidentimizə uzun ömür, möhkəm cansağlığı arzulayıram".