Bu gün “Fairmont Baku” otelində Ankara Ticarət Palatasının (ATO) dəstəyi ilə ATO Yaradıcı Sənayelər və Markalaşma Xüsusi İxtisas Komissiyası (KOSGEB) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) birlikdə təşkil etdiyi “Yaradıcı sənayedə ixracat turu” görüşlərinin açılış mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, mərasimdə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fateh Kaçır, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, ATO sədrinin müavini, Türkiyə Şəhər Şuralarının sədri Xəlil İbrahim Yılmaz, KOSGEB sədrinin müavini Rəcəb Kılıç, ATO-nun Yaradıcı Sənayelər və Markalaşma Xüsusi İxtisas Komissiyasının sədri Berat Quzu, ASK sədri Məmməd Musayev, Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin sədri Camal Yanğın çıxış edərək iki ölkə arasındakı iqtisadi-ticari əlaqələrin inkişaf perspektivlərini dəyərləndiriblər.
Nazir Mehmet Fateh Kaçır çıxışında Azərbaycanı ixracat hədəfi olan ölkə qismində görmədiyini, qardaşlığımızın daha da möhkəmlənməsi üçün istehsal gücümüzü birlikdə artırmağın və dünyaya birgə açılmağımızın zamanının yetişdiyini qeyd edib.
Toplantıda çıxış edən Xəlil İbrahim Yılmaz iqtisadi artımı şərtləndirəcək yeni sektorların və fəaliyyət sahələrinin tanıdılmasının əsas məqsədləri sırasında olduğunu bildirib.
Azərbaycan-Türkiyə iqtisadi-ticari əlaqələrinin genişləndirilməsinin perspektivlərindən danışan Yılmaz iki ölkə arasında bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.