ABŞ-Rusiya razılaşması Avropa İttifaqında dərin çat yaradır
Almaniyada keçirilən danışıqların nəticəsiz baş tutması istisna deyil
ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Berlində başlayan müzakirələr dekabrın 15-də də davam edib. Danışıqlar 2 saata yaxın davam edib. Ukrayna Prezidenti Volodimir Zelenski özünün başçılıq etdiyi heyətlə ABŞ tərəfi arasında olan danışıqların 5 saatdan çox davam etdiyini bildirib: "Bizim Rusiya tərəfi ilə birbaşa dialoqumuz yoxdur. Amerika tərəfi ilə dialoqda isə onlar, belə demək mümkünsə, Rusiya tərəfini təmsil edirlər, çünki onlar rusların siqnallarını, tələblərini, addımlarını, hazır olub-olmamalarını təqdim edirlər". "Politiko" nəşri iddia edib ki, Zelenski ABŞ-nin Donbasda silahsızlaşdırılmış “azad iqtisadi zona” yaratmaq təklifini rədd edib, lakin NATO üzvlüyündən imtinaya razı olub: "Rusiya işğalı altında olan Ukrayna ərazilərinin taleyi xüsusilə mürəkkəb və həssas bir məsələdir. ABŞ Prezidenti Donald Tramp həm Ukrayna, həm də Rusiya qoşunlarının bu ərazilərdən çıxarılması və Amerika biznes maraqlarının fəaliyyət göstərə biləcəyi silahsızlaşdırılmış “azad iqtisadi zona” yaradılması ideyasını irəli sürüb. Fransa rəsmisinin sözlərinə görə, Ukrayna bu təklifi rədd edib".
Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib ki, Qərbi Avropa ölkələri açıq şəkildə Rusiya ilə müharibəni qızışdırır və Ukraynada sülh danışıqlarını pozmağa çalışırlar. Onun sözlərinə görə, bütün Avropanı Rusiya ilə müharibəyə sürükləmək istəyirlər. Macarıstan özünün münaqişəyə cəlb olunmasına imkan verməyəcək.
"Bild" nəşri məlumat yayıb ki, Finlandiya prezidenti Aleksandr Stubb gözlənilmədən Ukrayna məsələsi ilə bağlı Berlində keçirilən sammitə gəlib və ABŞ-ın xüsusi nümayəndələri ilə qapalı görüş keçirib. Onun bu səfərinin danışıqlar prosesinə təsir göstərə biləcəyi bildirilir. Məlumata görə, Stubb ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə təxminən 20 dəqiqəlik görüş keçirib. Finlandiya lideri ABŞ və Ukrayna arasında vasitəçi kimi çıxış edərək, Moskvanın yalnız Ukrayna üçün deyil, eyni zamanda qonşu Finlandiya üçün də təhlükə yaratdığını vurğulayıb. Qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın etibarlı şəxslərindən biri sayılan Stubb daha əvvəl Trampla Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edib. O, danışıqlarda Moskvanın ənənəvi taktikalarına diqqət çəkib. Gözləntilərə görə, Aleksandr Stubbun mövqeyi ABŞ tərəfinin danışıqlardakı yanaşmasına təsir göstərə bilər.
ATƏT-in baş katibinin hərbi məsələlər üzrə keçmiş xüsusi müşaviri, İsveçrə Silahlı Qüvvələrinin Baş Qərargahının istefada olan polkovnik-leytenantı Ralf Bosxard deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski ordusunun son ehtiyatını ortaya qoyub, Rusiyaya qarşı döyüş meydanında son məğlubiyyətini yaşamağın astanasındadır: "Danışıqların qaçılmazlığını və Qərb müttəfiqlərinə uğur nümayiş etdirməli olduğunu bilən Zelenski çox güman ki, indi hər şeyi bir kartla ortaya qoyub son ehtiyatını sərf etmək üçün can atır. Nə vaxt dayanacağını başa düşmürsə, hər şeyi itirmək riski ilə üzləşir". O qeyd edib ki, rus qoşunları Seversk şəhərini təəccüblü şəkildə sürətlə ələ keçirdilər: "Zaporojye bölgəsində hücum eyni sürətlə davam edərsə, Rusiya qüvvələri Zaporojye ətrafına çata bilər, bu da Zelenskiyə böyük təzyiq göstərəcək". 
Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a deyib ki, Almaniyada ABŞ-Ukrayna danışıqları nəticəsiz olacaq. Onun sözlərinə görə, Trampın xüsusi nümayəndəsi S.Uitkofun papkasında Donbasın Rusiyaya verilməsi müqabilində sülhün əldə edilməsi və Ukraynanın NATO -dan imtina təklifləri var: "Ukrayna NATO-dan imtina edə bilər. Amma Zelenki Ukraynaya təhlükəsizlik təminatının verilməsini tələb edir. Bunun üçün Ukraynanın müdafiəsi üçün ABŞ Konqresində qanun layihəsinin qəbul edilməsini istəyir. ABŞ Ukraynanın hər iki təklifini qəbul etmir. Bu kontekstdə danışıqlar aparılır. Zelenki ABŞ-nin təklifi ilə ərazi güzəştinə getməyəcək. Bu, ilk növbədə onun səlahiyyətində deyil. Danışıqların Avropada keçirilməsi Ukraynanın əlini gücləndirir. Almaniyada keçirilən danışıqların nəticəsiz baş tutması istisna deyil. Rusiya Donbasın ona verilməsini tələb edir. Hazırda Ukrayna Avropa İttifaqının dəstəyi ilə Rusiya-ABŞ qarşısında öz mövqeyini qoruyur. Demək olar ki, ABŞ-Rusiya tandemi ilə Avropa İttifaqı-Ukrayna arasında siyasi qarşıdurma yaşanır. Bu siyasi qarşıdurmada tərəflər arasında prinsipial fikir ayrılıqları qalmaqdadır. Tramp Administrasiyasının Avropa İttifaqı ilə deyil, Rusiya ilə anlaşma əldə etməsi Qərb Alyansında uzun illər formalaşmış ABŞ-Avropa İttifaqında dərin çat yaradıb. Bu, beynəlxalq siyasi nizamın deqradasiyaya uğramasına gətirib çıxarır".