Türkiyə Ukraynaya sülh gətirmək istəyir, amma alınmır
Ukraynaya təklif olunan sülh planı milli maraqlara uyğun deyil
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Türkmənistanın paytaxtı Aşqabadda ikitərəfli görüş keçirilib. Bu barədə Rusiya liderinin mətbuat xidməti məlumat yayıb. Rusiya və Türkiyə prezidentlərinin Aşqabadda keçirilən görüşü saat yarım davam edib. Məlumata görə, liderlər arasında görüş mətbuata qapalı keçirilib. Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra Türkiyə xarici işlər naziri Hakan Fidanla da söhbət edib. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan görüş zamanı Ukraynadakı vəziyyəti müzakirə ediblər. Kremlin sözçüsü qeyd edib ki, iki lider həmçinin beynəlxalq gündəmi və Rusiya ilə Türkiyə arasındakı əlaqələri müzakirə ediblər: "Putin və Ərdoğan iki ölkə arasında ciddi problemlərin olmadığı və iki ölkə arasında münasibətlərin çox yaxşı inkişaf etdiyi barədə razılığa gəliblər". Peskov əlavə edib ki, iki ölkə lideri ünsiyyət çatışmazlığından əziyyət çəkmirlər, müntəzəm əlaqə saxlayırlar: "Rusiya və Türkiyə arasında üçüncü ölkələrin təzyiqinin öhdəsindən gəlməyə kömək edən çoxşaxəli münasibətlər mövcuddur". Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-nin təklif etdiyi ilkin sülh planının yeddi bəndini, o cümlədən təmas xəttinə əsaslanan ərazi mübadiləsini və Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsini faktiki olaraq rədd edib. Bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub. Məlumatda qeyd olunub ki, Lavrov Zaporojye və Xerson bölgələrindəki mövcud təmas xəttinin dondurulması, Zaporojye AES-in Rusiyanın deyil, MAQATE-nin nəzarəti altında yenidən işə salınması, Kiyevə etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsi və Ukraynanın suverenliyinin təsdiqlənməsi ilə bağlı müddəaları faktiki olaraq rədd edib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib ki, Moskva hələ ki, Avropa və Ukrayna tərəfindən təqdim olunan ABŞ-nin sülh nizamlanması sənədlərinin yenidən işlənmiş variantlarını görməyib: "İçimdə belə hiss var ki, orada bizim xoşumuza gəlməyən çox şey var". ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib ki, ABŞ-nin sülh planını yalnız Zelenski bəyənmir, adamları bundan məmnundur: "Düşünürdüm ki, Rusiya ilə, Ukrayna ilə razılaşmaya çox yaxınıq. Əslində, Prezident Zelenski istisna olmaqla, bu razılaşma onun adamlarının ürəyindən idi". Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna və Rusiya mümkün atəşkəslə bağlı danışıqlar zamanı Zaporojye atom elektrik stansiyasına dair konsensusa gələ bilməyib: "Zaporojye AES işğalçıların əlində qalsa, işləməyəcək. Ruslar stansiyanı saxlamaq istəyirlər. Aydındır ki, biz buna qarşıyıq. Biz dedik ki, əgər belədirsə, stansiya işləməyəcək". Onun sözlərinə görə, ABŞ AES-in birgə idarə edilməsini təklif edir. Lakin bu varianta yalnız amerikalı tərəfdaşlar tərəfindən müəyyən addımlar atıldıqdan sonra baxıla bilər: "Bizim buradakı mövqeyimiz çox sadədir. Əgər amerikalılar stansiyaya nəzarəti ələ keçirə bilsələr, bu zonanı hansısa yolla demilitarizasiya edəcəklər. Bu o deməkdir ki, Rusiya qoşunları stansiyadan müəyyən məsafəyə geri çəkilməlidirlər ki, Ukraynaya çıxış imkanı olsun".
Politoloq İlqar Vəlizadə bildirib ki, müzakirə olunan sülh planının Ukraynanın milli maraqlarına cavab verdiyini demək çətindir. Ekspert vurğulayıb ki, planın əsas müddəaları Kiyevin gözləntiləri ilə üst-üstə düşmür: "Planla bağlı müzakirələr davam edir, tərəflər öz mövqelərini ortaya qoyurlar. Bununla belə, plan müəyyən reallıqlara əsaslanır. Avropa İttifaqının rəsmiləri də bunu etiraf edirlər. Ona görə də Ukrayna hazırkı təmas xətti üzərində danışıqlara çağırılır. Kiyev tərəfi bu mərhələdə ərazi bütövlüyünün tam bərpasından danışa bilməyəcəyini açıq şəkildə bəyan edir. Ola bilər ki, qarşıdakı aylarda vəziyyət dəyişsin və proses Kiyevin xeyrinə inkişaf etsin. Türkiyə ilə Rusiyanın təmasları prosesə təsir göstərə, müəyyən istiqamət verə bilər, amma həlledici rol oynayacağını demək çətindir. Türkiyənin əsas məqsədi müharibənin mümkün qədər tez dayanması və Moskvanın müəyyən güzəştlərə getməsidir. Bunun nə dərəcədə mümkün olacağı isə zamanla bəlli olacaq".