Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və G7 ölkələrini Rusiyanın Ukraynaya zərbələrinin qarşısını almaq üçün daha sərt addımlar atmağa çağırıb.
Zelenskinin sözlərinə görə, Rusiya bir neçə Ukrayna bölgəsinə ardıcıl hava zərbələri endirib. O bildirib ki, Sumı şəhərində çoxmərtəbəli yaşayış binasına endirilən aviazərbə nəticəsində dağıntılar altında hələ də insanların qala biləcəyi ehtimal olunur.
Prezident qeyd edib ki, hazırda dörd nəfərin, o cümlədən bir uşağın həlak olduğu təsdiqlənib.
"Avropanın təzyiq göstərmək üçün kifayət qədər alətləri var. ABŞ və G7 tərəfdaşları Rusiyanın hücumlarını dayandırmaq üçün daha qətiyyətli addımlar atmalıdırlar", – deyə Zelenski vurğulayıb.
Ukraynanın Moskva və ətraf ərazilərə son zamanlar intensivləşən hücumlarından sonra Rusiyanın daha da aqressivləşəcəyi gözlənilən idi. Əgər rəsmi Kiyev həmlələrini davam etdirsə və hazırkı tempi qorusa, yəqin ki, Rusiya da dayanmayacaq. Bu baxımdan Rusiyanın Ukraynanın yaşayış məntəqələrinə raket hücumlarını qarşıdakı günlərdə də təkrarlaması, hətta ballistik raketdən istifadə etməsi mümkündür.
Zelenskinin çağırışına gəldikdə isə bildirməliyik ki, ABŞ və Avropanın davam edən müharibəyə münasibəti fərqlidir. Vaşinqtondan fərqli olaraq əksər Avropa paytaxtları müharibənin davam etməsini istəyir. Bu fikir ayrılığı da məsələni mürəkkəbləşdirir.
Fikrimcə, Avropa və ABŞ-nin hazırkı ritorikalarını nəzərə alaraq deyə bilərik ki, heç biri Rusiyanı dayandıra biləcək gücdə deyil. Göranən odur ki, tətbiq olunan sanksiyalar effektiv deyil. İndiki şəraitdə daha ciddi addımlara ehtiyac var. Hərçənd radikal mövqe "güzgü effekti" ilə də nəticələnə bilər.
Düşünürəm ki, Türkiyənin rolu və dəstəyi olmadan nə ABŞ, nə də Avropa Rusiya- Ukrayna müharibəsinin bitməsində yüz faiz uğurlu ola biləcək.
Kənan Novruzov