Zelenskinin kürəyində güclü əl var
Ukrayna qalib olmasa, Baydendən hesab soracaqlar ABŞ Prezidenti problemlə üzləşməmək üçün müharibənin sonadək aparılmasının tərəfdardır Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, Ukrayna heç vaxt dondurulmuş münaqişə ilə razılaşmayacaq və qoşunları Ukraynada olduğu müddətdə Rusiya ilə danışıqlar aparmayacaq: “Rusiyanın qoşunları ölkəmizdə olduğu müddətcə orada prezidentin kim olmasından asılı olmayaraq, biz heç vaxt danışıqlar masası arxasına əyləşməyəcəyik”. Zelenskinin sözlərinə görə, Rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılmasından əvvəl başlayan danışıqlar prosesi münaqişəni dondurulmuş statusa, gələcəkdə isə yeni böyük müharibəyə çevirəcək: "Əks-hücumda harada irəliləməmizdən asılı olmayaraq, biz dondurulmuş münaqişə ilə razılaşmayacağıq. Mən xalqın nə ilə nəfəs aldığını bilirəm. Ukraynalılar ikinci dəfə dondurulmuş münaqişə ilə razılaşmayacaqlar. Bu, tələdir".
ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel də Rusiya Prezidenti Vladimir Putinin müharibənin sülh yolu ilə nizamlanmasına sadiq olması ilə bağlı bəyanatına münasibət bildirib. Onun sözlərinə inanmayın və Ukraynanın dinc əhalisinə və infrastrukturuna qarşı təcavüzü davam etdirən rusların hərəkətlərinə baxın. Patel vurğulayıb ki, Rusiya sülhün bərqərar olmasında və müharibənin dayandırılmasında maraqlı deyil: "Kiyevi bombalayan, mülki və enerji infrastrukturunu, yaşayış binalarını, xəstəxanaları vuran Rusiyanın hərəkətlərindən aydın olur ki, onların sülhün bərqərar olmasında və bu müharibənin dayandırılmasında ciddi marağı yoxdur".
Politoloq İlqar Vəlizadə "Şərq"ə açıqlamasında bildirib ki, bütün mülahizələr və proqnozlar ondan xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi uzunmüddətli olacaq. Analitikə görə, bunun səbəbi tərəflərin mövqelərinin bir-birindən hədsiz fərqlənməsi ilə bağlıdır: "İndiki məqamda ortaq məxrəcə gəlmək ehtimalı çox azdır. Müharibənin gedişatının da öz məntiqi var. Hər iki tərəf hələ kritik vəziyyətə düşməyib. Ona görə də nə Rusiya, nə də Ukrayna geri addım atmağı, hansısa kompramisə gəlməyi qətiyyən düşünmür. Ukraynanın gücü və Qərbin hərtərəfli dəstəyi imkan verir ki, Kiyev Rusiyaya müqavimət göstərsin, hətta əks-hücum əməliyyatlarına başlasın. Ancaq görünən odur ki, Rusiyanın da imkanları hələ tükənməyib. Daxili vəziyyət nə qədər mürəkkəb olsa da, Moskva müharibəni davam etdirmək imkanında olduğunu göstərir. O səbəbdən indiki durumda tərəflər savaşın bitirilməsinə isti yanaşmır. Bir müddət keçəndən, yəni əks-hücum əməliyyatının hansı nəticə verəcəyi bəlli olandan sonra vəziyyət daha da dəqiqləşəcək. O zaman sülh danışıqlarının mümkünlüyündən danışmaq olacaq".
İ.Vəlizadə vurğulayıb ki, Qərb Ukraynaya dəstək versə də, reaksiyası birmənalı deyil: "ABŞ və aparıcı müttəfiqlər müharibənin davamını istəyir və tələb edir ki, Ukraynanın ərazi bütövlüyü təmin olunmalıdır. Ancaq bir sıra Qərb ölkələri fərqli mövqedən çıxış edirlər. Fransa kimi ölkələr savaşın müəyyən şərtlərlə bitməsində maraqlıdır. NATO-nun özündə də müharibəyə yanaşmada fərqlər var. Bəzi dövlətlər istənilən halda müharibənin dayandırılmasını söyləyirlər. Qərbin aparıcı ölkələri isə bunun əksini düşünürlər. Onlar hesab edirlər ki, əgər müharibəni aparmaq imkanları varsa, Ukrayna davam etməlidir. Məsələn, ABŞ Prezidenti Co Bayden də bu cür düşünür. Vaşinqtonda belə bir fikir var ki, müharibə nəticəsiz dayanarsa, Bayden Administrasiyasının nüfuzuna mənfi təsir göstərmiş olar. Amerikalılar Baydendən Ukraynaya verilən külli miqdarda maddi dəstəyin hesabını sorarlar. Bayden problemlə üzləşməmək üçün müharibənin sonadək aparılmasına tərəfdardır".