Tehranın qarşısında Bakı yox, Vaşinqton dayanır
Bu ölkənin Zəngəzur dəhlizi layihəsini dayandırmaq imkanları məhduddur
İran yenidən Zəngəzur dəhlizinə qarşı olduğunu bəyan edib. Ali rəhbərin baş müşaviri Əli Əkbər Vilayəti bildirib ki, Qafqaz üçün nəzərdə tutulan "Tramp proqramı" mahiyyət etibarilə Zəngəzur dəhlizi layihəsi ilə eynidir. Vilayəti bu barədə Tehranda Ermənistanın səfiri Qriqor Hakobyan ilə görüş zamanı bildirib. O qeyd edib ki, Tehran buna qəti şəkildə qarşıdır. Vilayəti xatırladıb ki, İran əvvəldən Zəngəzur dəhlizinə qarşı olub, çünki Tehran regiondakı sərhədlərin istənilən dəyişdirilməsini rədd edir və öz ətraf təhlükəsizlik mühitinə təhdid yarada biləcək risklərdən ehtiyatlanır. İran rəsmisi həmçinin qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının tarixi olaraq həssas regionlara iqtisadi təşəbbüslər formasında təqdim olunan layihələr vasitəsilə daxil olmaq təcrübəsi var. Lakin bu cür cəlb olunma zamanla hərbi və təhlükəsizlik sahələrinə doğru genişlənib.
Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a açıqlamasında bildirib ki, Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı köhnə mövqeyi xarici işlər naziri Abbas Əraqçinin Bakı səfərindən sonra yenidən gündəmə gətirməsi İranın siyasi elitasındakı ziddiyyətlərdən qaynaqlanır. Analitikin sözlərinə görə, halbuki Pezeşkian administrasiyası Zəngəzur dəhlizini İrana qarşı iddia edildiyi kimi təhlükə olaraq görmür: "Əraqçinin səfəri də regiondakı mövcud şərtlərdə - tranzit layihələri və siyasi-təhlükəsizlik arxitekturasında İranın maraqlarının nəzərə alınması ətrafında Azərbaycanla müzakirələr aparmağa hesablanmışdı. Bu səfər həm də İranın mövcud administrasiyasının mühafizəkarlara qarşı mövqeyinin gücləndirilməsi məqsədi daşıyırdı. Görünür, mühafizəkarların Azərbaycan və Zəngəzur dəhlizi haqda yaratdıqları süni qorxunu qəbul etməyən Pezeşkian İranın maraqlarına qarşı təhlükənin olmadığını yenidən təsdiq etmək, bununla arqumentlərini gücləndirmək ehtiyacı duyub. Vilayətinin Ermənistan səfəri ilə görüşü isə Əraqçinin Bakı səfərinə qarşı demarş kimi görünür. İstisna deyil ki, erməni səfirlə görüş təşəbbüsü də Xameneinin müşavirindən gəlib. Bununla həm Zəngəzur dəhlizinə qarşı mövqeyi yenidən gündəmə gətirir, həm də Pezeşkian komandasına mesaj verirlər. Hərçənd, rəsmi İrəvan da artıq mühafizəkarların mövqeyini bölüşmür. Ermənistan səfirliyinin görüşlə bağlı məlumatda Vilayətinin Zəngəzur dəhlizi haqda fikirlərinə yer verməməsi də bunu təsdiq edən detallardandır".
Politoloq hesab edir ki, mühafizəkarların hadisələrin inkişafına yön vermək üçün müəyyən cəhdlər edəcəyi mümkündür: "İranın rəsmi mövqeyini bütövləşdirmək məqsədilə daxildə Pezeşkian administrasiyasına təzyiqlər artırıla bilər. İran-Azərbaycan münasibətlərində normallaşma prosesini pozmağa hesablanmış addımların atılması da ehtimal olunur. Həmçinin, Zəngəzur dəhlizinə qarşı Rusiya ilə birlikdə hərəkət edilə bilər. Lakin bu cəhdlərin nəticə verməsi ehtimalı azdır. Ümumiyyətlə, İranın Zəngəzur dəhlizi layihəsini dayandırmaq imkanları məhduddur. Daha öncə dəhlizə qarşı Tehranla eyni cəbhədən çıxış edən Paşinyan hakimiyyətinin mövqeyi 180 dərəcə dəyişib. İranın qarşısında artıq Azərbaycan və Ermənistan yox, ABŞ var. Ukraynada istədiyini almağa çalışan Rusiya Cənubi Qafqazda ABŞ-nin planlarını nəzərə alacaq. Hətta Vaşinqton-Moskva anlaşmaları baş tutmasa belə, Kremlin prosesə təsir rıçaqları əvvəlki qədər güclü deyil".