6 nəfəri öldürən silahlı: Mühasirəyə alındığını anlayıb intihar etdi

Türkiyənin Mersin vilayətinin Tarsus və Çamlıyayla rayonlarında 6 nəfəri qətlə yetirən 37 yaşlı Metin Öztürk saxlanılacağını anlayaraq intihar edib.

Sherg.az xəbər verir ki, şübhəli əvvəlcə işlədiyi restoranda iki nəfəri öldürüb, daha sonra müxtəlif məntəqələrdə keçmiş həyat yoldaşı da daxil olmaqla daha 4 nəfəri qətlə yetirib. Hücumlar zamanı 8 nəfər də yaralanıb.

Genişmiqyaslı axtarış əməliyyatı nəticəsində Karakütük məhəlləsində bir evdə gizləndiyi müəyyən edilən Metin Öztürk jandarma qüvvələri tərəfindən mühasirəyə alınıb. O, saxlanılacağını anlayaraq öz silahı ilə intihar edib.

Mersin Valiliyi hücumçunun narkotik asılılığı və müxtəlif psixiatrik diaqnozlarının olduğunu açıqlayıb. Hadisə ilə bağlı istintaq davam edir.