ABŞ-li aparıcı itkin anası üçün 1 milyon dollar mükafat vəd etdi

ABŞ-ın NBC telekanalında yayımlanan “Today” proqramının aparıcısı Savanna Qatri itkin düşmüş anası Nensi Qatrinin tapılması üçün 1 milyon dollara qədər mükafat elan edib.

Sherg.az xəbər verir ki, aparıcının sözlərinə görə, 84 yaşlı Nensi Qatri 3 həftədən artıqdır ki, itkindir və onun gecə yarısı evindən aparıldığı ehtimal olunur. Savanna Qatri bildirib ki, anasının harada olduğunu öyrənmək üçün istənilən faydalı məlumata görə yüksək məbləğdə mükafat veriləcək. Məlumat verən şəxslərin kimliyi gizli saxlanılacaq.

ABŞ Federal Təhqiqat Bürosu (FBI) da hadisə ilə bağlı araşdırma aparır. Daha əvvəl qurum Nensi Qatrinin tapılmasına və ya hadisə ilə əlaqəli şəxslərin müəyyənləşdirilməsinə kömək edəcək məlumat üçün 100 min dollar mükafat açıqlamışdı.

İstintaq çərçivəsində təhlükəsizlik kameralarının görüntüləri bərpa olunub. Həmin görüntülərdə itkin düşmə günü evin qarşısında şübhəli silahlı şəxsin olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma davam edir.