Arvadını balkondan atdığı iddia edilən kişi həbs olunub

Türkiyənin İzmir şəhərində arvadını döydükdən sonra balkondan atdığı iddia edilən O.G. adlı şəxs həbs olunub.

Sherg.az xəbər verir ki, şiddət gördüyünü bildirən Aylin G. ərindən şikayət edərək Torbalı rayonunda yaşayan anasının evinə köçmüşdü. Cütlüyün 8 yaşlı qızı isə bu müddətdə dövlət himayəsinə götürülmüşdü.

Ailənin ortaq tanışı A.E. qadınla əlaqə saxlayaraq uşaqlarını geri almaq üçün qurum rəsmiləri ilə görüşməli olduqlarını deyib. Bunun üzərinə Aylin G. onun maşınına minib. Avtomobil hərəkətdə olarkən qadının əri O.G. də maşına minərək ona zor tətbiq etməyə başlayıb.

Daha sonra qadın Yeşilyurt məhəlləsindəki bir evə aparılıb və burada yenidən döyülüb. Yardım istəmək üçün balkona çıxan Aylin G.-nin əri tərəfindən aşağı atıldığı iddia olunur.

Ağır yaralanan qadın xəstəxanaya yerləşdirilib və həyat uğrunda mübarizə aparır.

Hadisədən sonra qaçan O.G. və ona kömək edən A.E. polis tərəfindən saxlanılıb. A.E. ifadəsindən sonra sərbəst buraxılıb, O.G. isə məhkəmənin qərarı ilə həbs edilib.