Azərbaycanlı diaspor rəhbərinin Rusiya vətəndaşlığı ləğv edilib

İvanovo vilayətinin “Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Asif Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, qərar Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən verilib.

Buna səbəb kimi "milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlər" göstərilir.

Qeyd edək ki, Asif Məmmədov 2025-ci ilin sentyabrında İvanovo Şəhər Dumasına namizədliyini irəli sürmək istəyib və namizəd kimi qeydiyyatdan keçib. Lakin bu məlumatın dərc olunmasından sonra yaranan onlayn qalmaqala görə İvanovo Seçki Komissiyası onun qeydiyyatını ləğv edib.

Xatırladaq ki, Rusiyada azərbaycanlı diaspor təşkilatlarının rəhbərlərinin Rusiya vətəndaşlığının ləğv olunması məsələsi müntəzəm hal alıb. Belə ki, bundan öncə Rusiyanın Arxangelsk, Moskva, Ulyanovsk vilayətləri, Moskva şəhərinin və digər bir sıra regionlardakı diaspor rəhbərlərinin Rusiya vətəndaşlığı ləğv edilib.