Bakının Sabunçu rayonunda sosial şəbəkədə həyat yoldaşı haqqında xoşagəlməz ifadələr işlədən şəxs həbs edilib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, 1985-ci il təvəllüdlü Saatlı rayon sakini Nizami Vəliyev (ad-soyad şərti verilib – red.) müxtəlif vaxtlarda “Tik-Tok” sosial şəbəkəsi üzərindən həyat yoldaşı Vüsalə və onun övladı Səmanın ünvanına nalayiq ifadələr işlədib.
Həmçinin, vorsap tətbiqi vasitəsilə ana və qıza qarşı nalayiq ifadələrdən ibarət səsli mesajlar göndərib.
Vəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə ittiham verilib.
Vəliyev bildirib ki, arvadı və qızının ünvanına nalayiq ifadələr işlətməyib: “Əksinə, sosial şəbəkələr vasitəsilə Vüsalə tərəfindən barəmdə əsassız iddialar səsləndirilib. Vüsalə sosial platformalarda mənim guya narkoman olmam, ailəmə əziyyət verməm barədə məlumatlar yayıb. Bu əsasla yardım toplamağa cəhd edib. Vüsalə mənim razılığım olmadan təmizlik işlərinə gedib. Mən isə onun təkbaşına təmizlik işlərinə getməyimə etiraz etmişəm. Bu səbəbdən onun işlədiyi Aysu adlı xanımın ünvanına nalayiq ifadələr işlətmişəm”.
İş üzrə zərərçəkmiş Vüsalənin sözlərinə görə, Nizami onun əridir və o, əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunub: “Həbsdən azad edildikdən sonra isə heç bir əsaslı səbəb olmadan ailə üzvlərimə qarşı aqressiv davranışlar nümayiş etdirib, bizi fiziki zorakılığa məruz qoyub və təhqir edib. O, “Tik-Tok” sosial şəbəkəsində birgə nikahımızdan olan övladımın ünvanına nalayiq ifadələr işlədib, onu davamlı şəkildə təhqir edib. Bundan əlavə, votsap tətbiqi vasitəsilə səsli mesajlar göndərərək bizə küçə söyüşləri və alçaldıcı ifadələr işlədib”.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 15 gün müddətinə inzibati qaydada həbs edilib.