Böyrək köçürülməsi kabusa çevrildi: Pasiyent quduzluq virusundan öldü

ABŞ-nin Miçiqan ştatında uzun müddətdir böyrək transplantasiyası gözləyən bir pasiyentə quduzluq virusu daşıyan donordan orqan köçürülüb.

Sherg.az xəbər verir ki, əməliyyat uğurla həyata keçirilsə də, xəstə beş həftə sonra qəfil qıcolmalar və ''şüur bulanıqlığı'' diaqnozları ilə xəstəxanaya yerləşdirilib.

Cəmi bir həftə sonra isə pasiyent vəfat edib. Aparılan tibbi araşdırmalar mərhumun toxumalarında quduzluq virusunun olduğunu ortaya çıxarıb.

Virusun mənbəyinin isə orqan donoru olan şəxs olduğu qısa müddətdə müəyyənləşdirilib.

Məlum olub ki, donor bir müddət əvvəl porsuq tərəfindən cırmaqlanıb, lakin tibbi yardım üçün müraciət etməyib. Hadisədən bir neçə həftə sonra donorun özü də dünyasını dəyişib. Onun ailəsi isə orqanların çıxarılmasına razılıq verərkən bu cırmaqlama barədə həkimlərə heç nə deməyib və nəticədə ölümcül virus aşkar olunmadan transplantasiya həyata keçirilib.

Həmin donorun buynuz qişaları üç digər xəstəyə də köçürülmüşdü. Quduzluq virusu aşkarlandıqdan sonra ciddi fəsadların qarşısını almaq məqsədilə həmin toxumalar təcili şəkildə çıxarılıb.

Bu hadisə orqan donorları barədə tibbi məlumatın tam və dəqiq verilməsinin həyati əhəmiyyətini bir daha gündəmə gətirib.