Azərbaycanda hüquqi şəxslərin ləğvi zamanı işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı yeni tələb müəyyənləşdirilir.
Sherg.az xəbər verir ki, parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan məsələyə görə, Mülki Məcəlləyə dəyişiklik edilməsi təklif olunur.
Qanun layihəsinə əsasən, hüquqi şəxsin ləğvetmə komissiyası ləğvetmə balansı təsdiq edilənədək həmin hüquqi şəxsin işçiləri ilə bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq xitam verilməsini təmin etməlidir.
Təklif olunan dəyişiklik şirkətlərin ləğvi prosesində əmək münasibətlərinin hüquqi baxımdan düzgün rəsmiləşdirilməsinə xidmət edir.
Beləliklə, hüquqi şəxsin ləğvi zamanı işçilərlə əmək müqavilələrinin taleyi ayrıca nəzərə alınacaq və bu proses ləğvetmə balansının təsdiqindən əvvəl başa çatdırılmalıdır.
Dəyişiklik qəbul ediləcəyi təqdirdə, ləğvetmə komissiyalarının əmək münasibətləri ilə bağlı öhdəlikləri qanunvericilikdə daha konkret şəkildə müəyyənləşdiriləcək.