Türkiyənin Şanlıurfa şəhərində bir şagird daxil olduğu liseydə ətrafa təsadüfi atəş açıb. Hadisə nəticəsində əksəriyyəti şagird olmaqla 16 nəfər yaralanıb.
Sherg.az xəbər verir ki, hadisə Hasan Çelebi məhəlləsində yerləşən Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində baş verib. Hücum edən şəxs ov tüfəngi ilə məktəbdə atəş açıb.
Hadisə yerinə çoxsaylı təcili tibbi yardım, polis və xüsusi təyinatlı qüvvələr cəlb olunub. Hücum edən şəxs əvvəlcə məktəb ərazisində atəş açıb, daha sonra isə məktəb binasına daxil olaraq şagirdləri girov götürüb.
Şanlıurfa valisi Hasan Şıldak bildirib ki, hücum edən şəxs məktəbin keçmiş şagirdi olub və 2007-ci il təvəllüdlüdür. Onun sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib və onların əksəriyyətinin vəziyyəti qənaətbəxşdir.
Vali qeyd edib ki, hücum edən şəxs 9-cu sinifdə açıq təhsilə keçib və hadisədən sonra istifadə etdiyi silahla intihar edib.
Türkiyə Daxili İşlər Nazirliyinin açıqlamasına görə, yaralananlar arasında 10 şagird, 4 müəllim, 1 polis əməkdaşı və 1 bufet işçisi var. Yaralılar Siverek dövlət xəstəxanasında müalicə altına alınıb.
Rəsmi məlumatda bildirilir ki, hücum pompalı tüfənglə törədilib və hadisə ilə bağlı genişmiqyaslı araşdırma aparılır.
Hadisənin şahidlərindən biri bildirib ki, hücum edən şəxs silahla əvvəlcə məktəb həyətinə daxil olub, daha sonra isə həm həyətdə, həm də məktəb daxilində təsadüfi atəş açıb.
Təhlükəsizlik qüvvələri tərəfindən məktəbdə olan şagirdlərin böyük hissəsinin təxliyə edildiyi qeyd olunur.