İştahsız pişiyini baytara apardı: “Sözün əsl mənasında şok yaşadıq”

"Baytar həkimlərimiz əməliyyatla gülləni çıxardılar"

Mersində küçədən sahibləndikləri pişiyi iştahsızlıq şikayəti ilə baytara aparan cütlük gözlənilməz mənzərə ilə üzləşib.

Sherg.az xəbər verir ki, Qar gəzintisi üçün Toroslar rayonunun yüksək dağlıq ərazisində yerləşən Arslanköy məhəlləsinə gedən Ramazan Alper İlten və nişanlısı Fatma Zühal Yurdagül küçədən bir pişiyi sahibləniblər.

Cütlük pişiyi həm az qida qəbul etməsi, həm də peyvəndlərinin vurulması məqsədilə mərkəzi Yenişehir rayonunda yerləşən baytarlıq klinikasına aparıb.

Baytarlar tərəfindən aparılan müayinədən sonra çəkilən rentgen nəticəsində Amber adlı pişiyin omba nahiyəsində güllə nüvəsinin olduğu məlum olub.

Xarici cismin cərrahi əməliyyatla çıxarılmasından sonra pişik sağlamlığına qovuşub və yenidən sahiblərinə təhvil verilib.

Hər zaman sahibsiz pişiklər üçün yanında yemək saxladığını bildirən İlten, gəzinti zamanı qarşılaşdıqları pişiyin onların yanından ayrılmaq istəmədiyini qeyd edib.

“Onu yanımıza götürəndə pişik bizə, biz də ona tez alışdıq. Qısa müddətdə aramızda güclü bağ yarandı”, – deyə İlten bildirib. O əlavə edib: “Rentgen nəticələrini görəndə sözün əsl mənasında şok yaşadıq. Baytar həkimlərimiz əməliyyatla gülləni çıxardılar. Hazırda pişiyin vəziyyəti çox yaxşıdır.”