Lənkəranda balıq tutmağa gedən 59 yaşlı şəxs dənizdə boğulub

Lənkəranda bədbəxt hadisə baş verib.

Teleqrafın yerli bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Nüvədi kəndi ərazisində qeydə alınıb.

1967-ci il təvəllüdlü Məmməd Quliyev balıq tutmaq məqsədilə Xəzər dənizinin Lənkəran sahilinə yollanıb. O, xüsusi balıqçı geyimi – kombinzon geyinərək dənizə girib.

İlkin məlumata görə, Xəzər dənizində suyun geri çəkilməsi nəticəsində həmin ərazidə dərin quyu və kanallar əmələ gəlib. Yaxınlarının bildirdiyinə görə, ərazini yaxşı tanıyan M.Quliyev sonradan yaranmış quyu və kanallardan xəbərsiz olub. Bu səbəbdən o, kanallardan birinə düşüb və güclü axın nəticəsində dəniz suyu tərəfindən aparılıb. Nəticədə 59 yaşlı balıqçı boğularaq həyatını itirib.

Qeyd edək ki, Məmməd Quliyev Bakı şəhərində yaşayıb. O, bir gün əvvəl yaxınlarının ad günü mərasimində iştirak etmək üçün Lənkərana gəlibmiş. Bu gün isə birlikdə gəldiyi şəxsləri Bakıya yola saldıqdan sonra balıq tutmaq üçün dənizə gedib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.