Masazırda iki xalaqızının qətlə yetirilməsi ilə bağlı cinayət işi başladı - YENİLƏNDİ

Masazır qəsəbəsində 2 nəfərin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, aprelin 11-də Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

15:06

Masazır qəsəbəsində iki qadının qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, öldürülən Pərişan Süleymanova və Nuranə İsgəndərli xalaqızıdır.

Məlumata görə, Nuranə İsgəndərli Xırdalan şəhərində yaşayıb, 15-20 gün olar Masazır qəsəbəsinə köçübmüş. Qətli törədən şəxs isə Nuranə ilə qeyri-rəsmi münasibətdə yaşayıb.

Hadisədən əvvəl Nuranənin həmin şəxslə mübahisəsi olub, bundan sonra o, Xırdalan şəhərində yaşayan xalası qızı Pərişan Süleymanovanı köməyə çağırıb.

Bundan sonra Nuranə İsgəndərli həmin şəxs tərəfindən boğazı kəsilərək öldürülüb. Qatil daha sonra qohumunun köməyinə gələn Pərişan Süleymanovanı qətlə yetirib və hadisə yerindən qaçıb.

O, bir müddət əvvəl törətdiyi başqa bir əmələ görə həbsxana həyatı da yaşayıb.

Qətli törədən şəxsin narkotik aludəçisi olduğu da deyilir. Qonşuların sözlərinə görə, o, qətl törədilən evə həftədə iki-üç dəfə gəlib-gedirmiş.

***

13:22

Mazazırda qətlə yetirilən iki qadının kimliyi məlum olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunlar 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanova və 1996-cı ildə anadan olmuş Nuranə Rüstəm qızı İsgəndərlidir.

***

12:48

Abşeron rayonunda qətl hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 30 və 39 yaşlı iki qadın qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.