Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğlu silahla yaralanmış vəziyyətdə tapılıb. Əməliyyat olunan Çavuşoğlunun vəziyyətinin ağır olaraq qaldığı bildirilir. Hadisəni xaricdə olarkən öyrənən Mövlüd Çavuşoğlunun Antalyaya qayıtdığı qeyd olunur.
Sherg.az xəbər verir ki, Antalyanın Alanya rayonunda keçmiş xarici işlər naziri və AKP-nin Antalya millət vəkili Mövlüd Çavuşoğlu ilə Alanyaspor klubunun prezidenti Hasan Çavuşoğlunun qardaşı, iş adamı Aydın Çavuşoğlu (52) öz ofisində silahla yaralanmış halda tapılıb. Xəstəxanaya çatdırılan Çavuşoğlu əməliyyat olunduqdan sonra reanimasiyaya yerləşdirilib. Antalya valisi Hulusi Şahin xəstəxanada ona baş çəkib.
Bildirilir ki, hadisə dünən axşam saatlarında Aydın Çavuşoğluna məxsus yanacaqdoldurma məntəqəsində yerləşən ofisdən silah səsinin eşidilməsi ilə üzə çıxıb.
Vəziyyəti ağır olaraq qalır
Hadisə yerinə dərhal təcili tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ağır yaralı olduğu bildirilən Çavuşoğlu ilkin tibbi müdaxilədən sonra xəstəxanaya aparılıb və əməliyyata alınıb. Xəstəxanadan verilən son məlumata görə, onun vəziyyəti hələ də ağırdır. Polis əməkdaşları hadisənin baş verdiyi ofisdə və yanacaqdoldurma məntəqəsində araşdırma aparıb.
Vali xəstəxanada ziyarət etdi
Hadisədən sonra Antalya valisi Hulusi Şahin də xəstəxanaya gələrək Çavuşoğlunun vəziyyəti ilə maraqlanıb. Mövlüd Çavuşoğlunun isə hadisə zamanı xaricdə olduğu, məlumat verildikdən sonra Antalyaya qayıtmaq üçün yola düşdüyü bildirilib.
Faktla bağlı araşdırmalar davam edir.