Pulunu tələb edən taksi sürücüsünü döyən şəxsə hökm oxunub.
Teleqraf xəbər verir ki, hadisə Bakı şəhərinin Xəzər rayonu, Türkan qəsəbəsində baş verib.
İttihama görə, 40 yaşlı Mahir Qasımov (soy ad şərtidir) və dayısı “Maxim” taksi xidməti vasitəsilə Xırdalan qəsəbəsindən Türkan qəsəbəsinə gəliblər. Ünvana çatdıqdan sonra gediş haqqı olan 15 manatı ödəmədən, bir azdan qayıdacağıq deyərək avtomobildən düşüblər və fərdi evin həyətinə daxil olublar.
Bir müddət gözlədikdən sonra taksi sürücüsü Namiq Mürsəlov gediş haqqını tələb etmək üçün evin qarşısına yaxınlaşıb. Bu zaman sərnişinlərlə sürücü arasında mübahisə yaranıb. Mübahisə zamanı Mahir qəsdən sürücüyə bel nahiyəsindən bir dəfə yumruq zərbəsi endirib.
Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilərək bildirib ki, hadisə zamanı sərxoş olub və etdiyindən peşmandır.
Zərərçəkmiş şəxs isə ifadəsində qeyd edib ki, sərnişinlər ödənişdən imtina edib, onu nalayiq ifadələrlə təhqir ediblər və hücum küçədə, evin darvazasının qarşısında baş verib.
Məhkəmənin hökmü ilə Mahir Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə təqsirli bilinərək 3 ay müddətinə azadlıqdan məhrum edilib.