Azad İstehlakçılar Birliyi həyəcan təbili çalır, restoranlarda kamera boşluğu qalmaqala səbəb oldu
“Müşahidə kameraları olsa, hadisənin nədən, hansı səbəbdən baş verdiyi aydınlaşar. Lakin təəssüf ki, ictimai iaşə müəssisələrində müşahidə kameralarının olmasıyla bağlı qanunvericilikdə ciddi tələb yoxdur. Azad İstehlakçılar Birliyi kameraların quraşdırılamasıyla bağlı dəfələrlə məsələ qaldırıb. Lakin icra edilmir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Qəbələdə restoranlardan birində baş vermiş insidentlə bağlı rəy bildirərkən söylədi.
Məlumat üçün bildirək ki, Qəbələ şəhərində yerləşən “Künəfə” restoranında müştəri ilə restoran əməkdaşları arasında insident vbaş verib. Müştərilərdən biri uca səslə nalayiq ifadələr işlədib, ictimai qaydanı kobud surətdə pozub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə ittiham elan edilib. Həmin şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilib. Restoranı işlədən şəxs isə ifadəsində göstərib ki, həmin müştəri bir neçə şəxslə restorana gəlib, təxminən 2-3 saat ərzində müxtəlif yeməklər yedikdən sonra hesabı ödəməkdən imtina edib. Daha sonra aqressiv davranmağa başlayıb, restoranı işlədən şəxsin ünvanına nalayiq sözlər işlədib. Qəbələ Rayon Məhkəməsinin qərarı ilə Məmmədov 10 gün müddətinə inzibati qaydada həbs edilib.
AİB-nin sədri Eyyub Hüseynov qeyd etdi ki, müştərinin hesabı ödəməkdən niyə imtina etməsinin səbəbi bilinmir. Hesab təqdim olunan menyuya uyğun olmayıb, müştəri nədən narazı qalıb, bilinmir:
- İstehlakçı istehlak etdiyi qidanın pulunu verməlidir. Amma ölkəmizdə iaşə müəssisələrinin rəhbərləri o qədər ərköyündürlər ki, müştəri restoran sahibinə ağır söz deyəndə, onu təhqir kimi qəbul edib kassa çekinə əlavə ödəniş kimi daxil edirlər. Yəni, özlərinə qarşı işlədilən ittihamedici ifadəni də “söyüş” hesab edib buna görə müştəriyə pul ödədətdirirlər və bunu birbaşa kassa çekinə əlavə edirlər. Bu, nə dərəcədə qanunauyğundur? Belə çıxır ki, restoran sahibləri hüquqi prosedurlara vaxt ayırmaq istəmir, məsələni özləri həll edirlər. Məndə bunu sübut edən sənəd var. Belə bir kassa çekini vətəndaşlardan biri bizə göndərib.
E.Hüseynov bildirdi ki, Türkiyədə olduğu kimi bizdə də iaşə müəssisələrinin mətbəxlərində kamera qoyulması vacibliyini bir neçə dəfə qaldırıb:
- Müştərilər mətbəxdə sanitar-gigyenik qaydalara nə dərəcədə əməl olunduğunu, yeməklərin hazırlanma prosesini izləyə bilsinlər. Müştərinin hüququdur bilsin ki masaya gətirilən yemək necə, hansı ərzaqlardan hazırlanıb, o, nəyə görə ödəniş edir. Türkiyədə belə bir qayda var, bizdə də tətbiq olunmalıdır. Qiymətə görə narazılıq varsa, məsələn, bəzi ölkələrdə masanın üzərinə əlavə vərəq qoyulur, masaya nə verilirsə, orada qeyd edilir. Masada oturanlar da bilir nə qədər pul xərcləyəcəklər. Məsləhət görürəm ki, qiymətlərin yüksəldiyi hazırkı zamanda restoran-kafelərə gedən vətəndaşlarımız menyu qiymətləri ilə tanış olsunlar, masaya gətirilən bütün qidaları qeyd etsinlər, ya da telefonla çəkiliş etsinlər. Anlaşılmazlıqları bu yolla aradan qaldırmaq olar.