Qubada məktəblini zorlamaqda şübhəli bilinən yeniyetmə SAXLANILIB

Quba rayonunun Xucbala kənd Zöhrab Əkbərov adına tam orta məktəbində birinci sinif şagirdini zorlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov məlumat verib.

O bildirib ki, Quba rayonunda azyaşlının hüquqazidd hərəkətlərə məruz qalması ilə bağlı daxil olmuş məlumat Rayon Polis Şöbəsində araşdırılıb:

"Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən yeniyetmənin şəxsiyyəti müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub və araşdırma davam etdirilir.

Şübhəli şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".

Samir Əli

17:37

Quba rayonunun Xucbala kənd Zöhrab Əkbərov adına tam orta məktəbinin direktoru adıçəkilən təhsil müəssisəsində birinci sinif şagirdinə təcavüz edilməsi ilə bağlı iddiaya münasibət bildirib.

Məktəbin direktoru Aybala Umudova Oxu.Az-a açıqlamasında bildirib ki, onun hadisəni bilib gizlətməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır:

"Valideyn bizimlə prinsip aparır. Hadisə barədə valideyn ilk olaraq şagirdin sinif rəhbərinə məlumat verib. Sinif rəhbəri də bu barədə mənə məlumat verib. Mən də həmin vaxt dərsdə olduğum üçün sinfi tərk edib çölə çıxmamışam. Çünki dərsim var idi. Mən də ona dedim ki, şagirdlərə tapşırıq verib sonra düşəcəyəm. Hadisə belə olub. Sadəcə dərs bitmədiyi üçün aşağı düşməmişəm. Mən heç nəyi gizlətməmişəm. Hadisə barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə də məlumat vermişəm".

Samir Əli

17:31

Quba rayonunun Xucbala kənd Zöhrab Əkbərov adına tam orta məktəbində birinci sinif şagirdinə təcavüzə olunması ilə bağlı məsələ Quba-Xaçmaz Regional Təhsil İdarəsi və hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, hazırda iddia ilə bağlı araşdırma aparılır və hadisənin bütün təfərrüatının obyektiv şəkildə müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür.