Sakit okeanda, Kuril adaları sahilləri yaxınlığında zəlzələ qeydə alınıb.
Sherg.az xəbər verir ki, bu barədə “Yujno-Saxalinsk” seysmoloji stansiyasının rəhbəri Yelena Semyonova məlumat verib, xəbəri RİA Novosti yayıb.
Yeraltı təkanlar aprelin 20-nə keçən gecə, bazar ertəsi qeydə alınıb. Zəlzələnin maqnitudası 5,2 olub ki, bu da seysmoloqlar tərəfindən hiss olunan zəlzələ kimi qiymətləndirilir.
Hadisənin episentri İturup adasındakı Reydovo kəndindən 262 kilometr şərqdə yerləşib. “Zəlzələ ocağı dəniz dibinin 50 kilometr dərinliyində olub”, - deyə Semyonova bildirib. Onun sözlərinə görə, zəlzələnin Rusiyanın yaşayış məntəqələrində hiss olunması ilə bağlı məlumat daxil olmayıb və sunami təhlükəsi elan edilməyib.
Bundan əvvəl də Uzaq Şərqdə zəlzələ baş vermişdi. Aprelin 16-da səhər saatlarında Yaponiya dənizi akvatoriyasında qeydə alınan yeraltı təkanların maqnitudası 4,4 olub. Episentr Lazovski rayonu sahilləri yaxınlığında, Preobrajeniye və Valentin yaşayış məntəqələri arasında yerləşib. Zəlzələ ocağı isə 419,6 kilometr dərinlikdə qeydə alınıb.