Baş nazirin Rusiyaya səfəri seçki öncəsi qabaqlayıcı addımdır
Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 1-də Rusiyaya işgüzar səfər edəcək.
Bu barədə TASS Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Səfər çərçivəsində Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Məlumatda qeyd olunub ki, görüş çərçivəsində Rusiya və Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin hazırkı vəziyyətinin və perspektivlərinin, Avrasiya məkanında inteqrasiya əməkdaşlığının, eləcə də regional gündəliyin aktual məsələlərinin, xüsusilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafının müzakirə edilməsi planlaşdırılır.
Politoloq Tural İrfan Sherg.az-a açıqlamasında seçki qabağı Ermənistan baş nazirinin fəaliyyəti çərçivəsində Rusiya səfərini təxirə salmamasının bir neçə səbəbindən danışıb: 
"Ermənistandakı Rusiya yönlü dairələr seçkiyə maneə yarada bilər. Belə olduğu halda Rusiyaya verilən vədlər qarşılığında Moskva bu qüvvələri Paşinyana qarşı səfərbər edər. Odur ki, qabaqlayıcı tədbir olaraq Paşinyan özü Rusiyaya baş vuraraq müxtəlif razılaşmalar əldə edə bilər. Hər bir halda Rusiya Ermənistanın imza atdığı bütün nailiyyətlərdə iştirakçı və şərik olmaq istəyir. Amma Qərbin Ermənistandakı maraqları ilə bu toqquşur. Paşinyan isə balansı qorumaq üçün çabalayır. O, seçkiyə qədər Rusiya ilə münasibətlərin gərginliyini azaltmağa səy göstərəcək ki, seçkini salamat başa çatdırsın. Sonrakı proseslərdə isə Paşinyan Rusiyanın Ukrayna müharibəsindəki vəziyyətinə və ABŞ, Avropa cəbhəsinin regiondakı balansı hansı formada qoruyacağına baxacaq. O, erməni xislətinə sadiq qalaraq Rusiya tərəfini də seçə bilər".
Ekspert vurğulayıb ki, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı kimi məsələlərin vacib aktoru Azərbaycandır:
"Rusiya Ermənistanla əlaqələri sıxlaşdırmaqla Azərbaycansız istəyinə çata bilməz. Ümumi regionun təhlükəsizliyinin zəruriliyi baxımından rəsmi Bakı burada əsas rol oynayır. Sülh və sabitliyin qarantı, eyni zamanda hazırda gedən sülh prosesinin təşkilatçısı Azərbaycandır. Rusiya ilk növbədə Azərbaycan ilə münasibətlərini yaxşılaşdırmalıdır.
Rusiya regionda əvvəlki təsirini itirir. Köhnə siyasəti, separatçılıq toxumu səpmək, parçalayıb hökm sürmək, terror- təxribat dəstələri yaratmaq kimi ənənələr artıq fayda vermir. Regionda ölkələri düşmən etmək, münaqişəyə cəlb edib sonra nəzarəti ələ almaq kimi proqramlar artıq dalana dirənib. Regiondakı bütün ölkələrlə bərabərhüquqlu şəkildə anlaşmaq mümkün olmasa, Rusiya hegemonluğu nailiyyət əldə edə bilməyəcək".
Analitik Paşinyana qarşı sui-qəsd cəhdindən də söz açıb:
"Son günlərdə də Paşinyana qarşı kilsədə təxribat cəhdi olub. Həbs olunan şəxslərin də məhz Rusiyaya bağlı dairələrin tərkibindən çıxdığı məlum oldu. Hər bir halda Ermənistan baş nazirinin səfərinin mahiyyəti Moskvaya vədlər verərək seçki ərəfəsində özünü qorumaq məqsədi daşıyır".