Sumqayıtda tonqal zamanı partlayış: 11 nəfər xəsarət alıb - YENİLƏNİB

Sumqayıt şəhərində bayram tonqalında baş verən partlayış nəticəsində 11 nəfər xəsarət alıb.

Sherg.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Məlumata görə, hadisə martın 21-də saat 21:10 radələrində şəhərin 7, 8 və 12-ci məhəllələrinin kəsişməsində qeydə alınıb.

Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Zərərçəkənlərdən 5 uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına yerləşdirilib. Ümumilikdə 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Onların hər birinə tüstüdən zəhərlənmə diaqnozu ilə tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş olan 7 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.