Türkiyə XİN-dən açıqlama: Türk yük gəmisi dron hücumuna məruz qaldı

Türkiyə Xarici İşlər Nazirliyi Qara dənizdə Türkiyəyə məxsus yük gəmisinin pilotsuz uçuş aparatı ilə hücuma məruz qaldığını açıqlayıb.

Bildirilib ki, Vanuatu bayrağı altında üzən və Ukraynanın Odessa limanından Türkiyəyə quru yük daşıyan gəmi mayın 28-də axşam saatlarında hücuma məruz qalıb. Hadisə nəticəsində ekipaj üzvü olan iki Türkiyə vətəndaşı yüngül xəsarət alıb.

Sherg.az-ın məlumatına görə, nazirlikdən verilən açıqlamada qeyd olunub ki, gəmidə olan Türkiyə vətəndaşlarının vəziyyəti Odessa şəhərindəki Baş Konsulluq tərəfindən yaxından izlənilir.

Türkiyə XİN həmçinin Qara dənizdə müharibənin son dövrlərdə daha da gərginləşməsinin region üçün ciddi risk və təhdidlər yaratdığını vurğulayıb.

“Bütün tərəfləri müharibənin nəzarətdən çıxacaq şəkildə genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq”, - deyə bəyanatda bildirilib.

Ankara Qara dənizdə mülki gəmiçiliyin təhlükəsizliyinin təmin olunması və müharibənin danışıqlar yolu ilə dayandırılması çağırışını bir daha təkrarlayıb.