Türkiyənin Konya vilayətində sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 45 nəfər xəsarət alıb.
Sherg.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Qəza yerli vaxtla saat 02:00 radələrində, Beyşehir rayonundan təxminən 20 kilometr məsafədə, Hüyük rayonu ərazisində, Isparta–Beyşehir avtomobil yolunda baş verib.
Antalya–Iğdır marşrutu üzrə hərəkət edən avtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı xəndəyə aşıb.
İlkin məlumatlara görə, xəsarət alan 45 nəfərdən təxminən 40-nın vəziyyəti yüngül qiymətləndirilir. Yaralıların hamısı təcili tibbi yardım avtomobilləri ilə xəstəxanalara çatdırılıb.
Qəza ilə bağlı araşdırma aparılır.