Ürəyi 19 gün arayla iki dəfə dayandı: Eyni briqada onu həyata qaytardı

Türkiyənin Çankırı bölgəsində yaşayan 57 yaşlı Abdülkerim Akpınarın 19 gün arayla evində keçirdiyi iki ürək tutması nəticəsində dayanan ürəyi, eyni 112 Təcili Tibbi Yardım briqadasının müdaxiləsi ilə yenidən işə salınıb.

Sherg.az xəbər verir ki, Aksu məhəlləsində həyat yoldaşı ilə yaşayan Akpınar 9 noyabr 2025-ci ildə gecə saatlarında ürək tutması keçirib. Xəbərdarlıqdan sonra hadisə yerinə 112 briqadası göndərilib.

Həkimlərin yoxlaması zamanı ürəyinin dayandığı müəyyən edilən Akpınar görülən tədbirlər nəticəsində həyata qaytarılıb və Çankırı Dövlət xəstəxanasına çatdırılıb. Daha sonra Ankara Qazi zəstəxanasına göndərilərək bypass əməliyyatı olunub.

Sağaldıqdan sonra evə qayıdan Akpınar 28 noyabrda yenidən xəstələnib. Bu dəfə də çağırış əsasında eyni briqada hadisə yerinə gəlib. Təsadüfən eyni xəstəyə rast gələn tibbi heyət ürəyi ikinci dəfə dayanan Akpınarı ürək masajı ilə yenidən həyata qaytararaq xəstəxanaya aparıb.

Sonrakı müalicəsindən sonra Ankara Bilkənt Şəhər xəstəxanasında ona ürək pili taxılıb və hazırda səhhəti yaxşıdır.

Abdülkerim Akpınar bildirib ki, hadisədən təxminən 4 ay keçib və vəziyyəti yaxşıdır:

“Artıq normal həyat tərzimə qayıtmışam. Həkimlərimizin əməyi böyükdür, amma ilk müdaxiləni edən 112 briqadasına sonsuz təşəkkür edirəm. O gənclərə minnətdaram. Allah onlardan razı olsun.”

O qeyd edib ki, bu hadisədən sonra sağlamlığın və təcili yardım xidmətinin əhəmiyyətini daha yaxşı anlayıb.

Həyat yoldaşı Asiyə Akpınar da çətin günlər keçirdiklərini deyib. O, ərinin sağ qalacağına hər zaman inandığını vurğulayıb:

“İndi mənim üçün ən önəmlisi yaxınlarımın sağlam olmasıdır. Artıq başqa heç nə vecimə deyil.”

112 briqadasının üzvü, təcili tibbi texnik Mehmet Bayram bildirib:

“Xəstənin ürəyi iki dəfə dayanmışdı. Elektroşok və ürək masajı ilə hər iki dəfə ürəyi yenidən işlətməyi bacardıq.”

Paramediklər də qısa müddətdə iki dəfə müdaxilə etdiklərini və xəstəni sağlam vəziyyətdə görməkdən məmnun olduqlarını bildiriblər. Eyni zamanda, əsassız çağırışların qarşısının alınmasının və ilk yardımın vacibliyi vurğulanıb.