Xanım tələbələri şantaj edən şəxs saxlanıldı

Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin xanım tələbələrini şantaj edən şəxs saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

"BDU-nun hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb" - məlumatda qeyd olunur.

Qeyd edək ki, yayılan məlumatlara görə, tələbələrin fotoları onların sosial şəbəkə hesablarından götürülərək əxlaqsız formada montaj edilib və saxta hesab vasitəsilə paylaşılıb.

Zərərçəkənlərdən biri olan Zöhrə Əlxaslı bildirib: "Fevralın 20-si axşam saatlarında şantak olunduğumuz üzə çıxdı. Canlılara girmişdi, orada səsini eşitdik ki, 25-26 yaşlarında oğlan səsi idi. Hüquq tələbələrini təhqir edirdi”.

İddialara görə, həmin şəxs bir neçə il əvvəl hüquq fakültəsinə daxil olmaq istəyib, mümkün olmadıqda isə daxilində yaratdığı qərəzi sözügedən fakültənin tələbələrinə qarşı istifadə etməyə başlayıb.