“Bakı-Sumqayıt yolunun yükünü 60% azaltmaq mümkündür” - EKSPERT

  • “Milyonlarla səmərəsiz xərcin az hissəsi buna yönəldilsəydi, tıxac həll olunardı”

Metropolitendə “qırmızı xətt”lə “yaşıl xətt”in ayrılması məqsədilə başlanan tikinti işlərinin yerüstü ictimai nəqliyyatda necə bir vəziyyət yaratdığı hər kəsə məlumdur.

Tikintinin 11 ay aparılacağı bildirilir və bu o deməkdir ki, Bakının tıxac ömrü ən azı daha 11 ay da uzanacaq. Sonrası isə hələ ki bəlli deyil. Metro tam gücüylə fəaliyyətə başladıqda tıxac azalacaqmı, azalmayacaqmı, bunu zaman göstərəcək. 

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli isə fərqli bir üsulla tıxaclardan müəyyən qədər xilas olmağın mümkün olacağını eyib. Sherg.az xəbər verir ki, ekspert ABŞ-də şahidi olduğu üsul barədə danışıb:

“Özümü nəqliyyat eksperti hesab etmirəm, lakin ABȘ-da bu istqamətdə internatura keçdiyim üçün xeyli bilgilərim var. Bu gün həmkarlarımdan biri mənim illərdir səsləndirdiyim təklifi dilə gətirib. Biləcəri dairəsindən 2 yaxud 3 estakada üzərindən yol ötürücüləri konstruksiyalașdırsaq Bakı-Sumqayıt yolunun yükü 60% azalacaq və Tiflis prospekti rahat nəfəs ala biləcək. Mən bu təcrübəni Nyu-York șəhərinin girișində necə effektiv olduğunu görmüșəm. Milyonlarla səmərəsiz xərcin az bir hissəsi indiyədək buna yönəldilsəydi, tıxac problemi həllini tapmıș olardı”. 

Lakin sual yaranır; estakada tipli yol ötürücüsü ilə Biləcəri dairəsinə çatan avtomobillər oradan şəhərin mərkəzinə necə keçəcək? Üstəlik, Bakının tıxac problemi təkcə Bakı–Sumqayıt yolu ilə məhdudlaşmır. Binəqədi şosesi, Sabunçu–Zabrat istiqaməti, Babək və Fəhlə prospektləri, Xətai tərəfi, Heydər Əliyev prospektinin Nərimanov hissəsi, Ziya Bünyadov prospekti, Əhmədli, Qaraçuxur, Bayıl, hətta İkinci Dairəvi yol - hamısı tıxac əsarətindədir. Belə fikir var ki, şəhərdə yaşayan insanların sayına uyğun ictimai nəqliyyat sistemi yoxdursa, 50 estakada da kömək etməyəcək.  

İ.Hüseynli isə hesab edir ki, iki ötürücünü Adil Məmmədov küçəsi və Yasamala yönətmək mümkündür. Șamaxinka boğazdır. Orada “butılka” effekti yaranır və mașınların əksəriyyəti bu 2 istiqamətdədir: “Mən yalnız Masazırdan Ṣamaxinkaya olan hissə barədə fikrimi bildirmişəm. Təbii ki,ümumi tıxac probleminin həlli uzun ișidir”.