Ailəsi olanlar Türkiyədə ev alır, yalnız insanlar kirayədə qalır -RƏY

Miqrasiya və sevgi bazarı formalaşdırır
Türkiyədə daşınmaz əmlak alqı-satqısının əsas səbəbi açıqlanıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 645 mənzil alıb. Bu barədə "Report" Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir. Məlumata görə, bu, 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə olaraq 41 mənzil və yaxud 6,8 faiz çoxdur. 2024-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə ümumən 866 mənzil alıblar. Təkcə sentyabrda isə Azərbaycan vətəndaşları Türkiyədə 67 mənzil alıblar ki, bu da ötən ilin eyni ayına nisbətən 20 mənzil və yaxud 23 faiz azdır. Sentyabrda Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda bir pillə geriləyərək 7-ci yerdə qərarlaşıb. Nəticədə Səudiyyə Ərəbistanı 6-cı pilləyə yüksəlib. Ümumilikdə, yanvar-sentyabr aylarında Türkiyədə xarici vətəndaşlara 15 038 mənzil satılıb. Daşınmaz əmlak bazarında ilk pillələrdə yerləşənlərsə İran, İraq, Almaniya və Rusiya vətəndaşlarıdır. İqtisadçı Fuad İbrahimov Sherg.az-a açıqlamasında mövcud vəziyyəti belə şərh etdi: 
- Daşınmaz əmlak bazarında vəziyyət, bütün dünyada olduğu kimi Türkiyədə də eyni şərtlər altında dəyişir. Mənzil bazarında qiymətlər ucuzlaşdıqda, alıcı sayı daha da artır, qiymətlər yüksəldikdə isə alıcı sayı azalır. Türkiyə iqtisadiyyatı son illərdə çox şaxələnib, genişlənib, iqtisadiyyatda nəzərəçarpan artım var. İstər yüksək texnologiyalar, havaçılıq, aeorokosmonavtika, istər sənaye, kənd təsərrüfatı, maşınqayırma, energetika, o cümlədən turizm sektoru – yəni sənaye və iqtisadiyyatın bütün sahələri hazırda yüksək inkişaf mərhələsindədir. Harda ki iqtisadiyyat inkişaf edir, orada işçi qüvvəsinə də ehtiyac yaranır. Ora qazanc mənbəyinə çevrilir. Türkiyədə tikinti sektoru da daim genişlənir. Bəzi ölkələrdən ora məhz tikintidə çalışmaq üçün gedirlər. İşçi qüvvəsinə ehtiyac olan yerə həmişə axın var. Ukraynalıların da son illərdə Türkiyəyə marağı artıb. Türkiyə siyasi müstəvidə də Ukraynanı dəstəkləyir, ukraynalılara yaşayış imkanı verir, onlar da məmnuniyyətlə gəlirlər, orada işləyirlər, yaşayırlar.  Kimisi işləmək üçün, kimisi daimi yaşayış üçün gəlir. Daşınmaz əmlak alanlar da var, kirayədə mənzil tutanlar da. Kimə necə sərfəlidirsə, elə edir. Görürsünüz ki, mənzil alanlar arasında iraqlılar, iranlılar da çoxdur. Bu onunla bağlıdır ki, Türkiyə son illərdə regionda həm siyasi gücünü artırıb, həm də iqtisadi potensialını. Ola bilsin, mənzil alanlar arasında İraqdan, Suriyadan gələnlər də var. Türkiyədə demokratiya, sərbəstlik, azad mühit və iqtisadi imkanlar çoxlarını cəlb edir. İrandan, İraqdan bu amilləri nəzərə alıb Türkiyəyə gəlirlər. 
İqtisadçı qeyd etdi ki, Türkiyəyə müvəqqəti, mövsümi çalışmaq, ticarət üçün gedənlərə böyük məbləğdə vəsait xərcləyib mənzil almaq sərf etmir. Bu adamlar müvəqqəti oturum izni alanlardır: 
- Onlar əsasən mənzil kirayələyirlər. Amma daimi iş üçün gedənlər, ailəvi köçənlər, Türkiyədə ailə quranlar çalışırlar ki, şəxsi mənzil sahibi olsunlar. Bunu da bir neçə ilə gerçəkləşdirirlər. Həmyerlilərimiz arasında müəyyən müddətə qardaş ölkəyə gedənlər var. Onlar uzunmüddətli oturum izni almayanlardır. Amma o kəslərin ki qardaş ölkədə daimi iş yerləri var, ailələri ilə birgə yaşayırlar, gələcək perspektivləri də var, onlar çalışırlar daşınmaz əmlaka sahib olsunlar. Çünki daşınmaz əmlak almaq kirayə haqqı ödəməkdən sərfəlidir. Ailəsi olmayanlar, bir neçə nəfər bir mənzil kirayələyir, birlikdə qalırlar. Bu da sərfəlidir. İşə dəvət olunanlar var, deyək ki bir neçə illiyinə. Onlar baha qiymətə mənzil almaqda maraqlı deyillər. Kirayədə qalmağı sərfəli hesab edirlər. O adamlar daşınmaz əmlak alır ki, artıq daimi yaşayış yeri olaraq qardaş ölkəni seçib. Bunun üçün də müəyyən zaman keçməlidir, gəlirlər mənzil almağa yetərli olmalıdır. Bizdə də hazırda daşınmaz əmlak bazarında qiymətlər yüksəkdir. Ölkəmizdə müvəqqəti olanlar mənzil almağa maraq göstərmir. Uyğun mənzil, ev tapıb kirayə qalırlar. Bu, dünyada yayılmış tendensiyadır. Kimsə təhsil almağa gedir, sonra uyğun iş təklifi alır, baxır ki, sərfəli təklifdir, qalır işləyir. Tale, qismət elə gətirir, evlənir, ailə qurur. Dünyada bütün dövrlərdə insanların yerdəyişməsi, miqrasiya, köç baş verir. Müxtəlif səbəblərdən. Müharibələr buna səbəb olur, iqtisadi çətinliklər, siyasi baxışlar. İnsanlar durmadan hərəkət halındadır. Sosial bağlarla yanaşı, iqtisadi bağlılıqlar da var. Bir ölkədə gəlirli biznez sahəsi yaradan şəxs orada daimi qala bilər. Bu zaman da mənzil almaq şərt olur. Yəni mənzil bazarındakı vəziyyət ölkə daxilindəki vəziyyətdən və insanın özünü realizə imkanlarından asılıdır.