Azərbaycan Ermənistana daha çox məhsul satır - Natiq Cəfərli

  • Bu ilin ilk 7-8 ayını götürsək, Ermənistana 16 milyon dollara yaxın məhsul satmışıq, amma Ermənistandan çox az həcmdə məhsul almışıq

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib ki Azərbaycana alüminium folqa ixrac edilib. Lakin nazir Azərbaycana nə qədər məhsul ixrac edildiyini dəqiqləşdirməyib. Azərbaycana başqa məhsulların ixracının planlaşdırılıb-planlaşdırılmadığı soruşulduqda, Papoyan qısa cavab verib: “Görək”. 

Ermənistandan başqa hansı məhsulları ala bilərik və buna nə qədər ehtiyacımız var?  

İqtisadçı Natiq Cəfərli Sherg.az-a açıqlamasında qeyd etdi ki, Ermənistanın ixrac edə biləcəyi, sata biləcəyi məhsulların həcmi və sayı məhduddur. Alüminium folqa və digər dağ-mədən resursları ilə bağlı hansısa materiallarının Azərbaycana satılması isə təbiidir: 

- Azərbaycan da Ermənistana enerji sektorunda dizel və benzin, sürtkü yağları təqdim edir. Düzdür, həcm olaraq biz daha çox məhsul satırıq. Bu ilin ilk 7-8 ayını götürsək, Ermənistana 16 milyon dollara yaxın məhsul satmışıq, amma Ermənistandan çox az həcmdə məhsul almışıq. Əgər sərf edirsə, yerli məhsullara tələbat varsa, qiyməti və keyfiyyəti uyğundursa, niyə də olmasın? İqtisadi münasibətlərin genişlənməsi sülh prosesində də rolunu oynayacaq.