Azərbaycan neftinin qiyməti 101 dolları ötüb

İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,35 ABŞ dolları və ya 4,46 faiz artaraq bir barel üçün 101,96 ABŞ dollarına çatıb.

Bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.

Qeyd olunub ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 4,47 ABŞ dolları və ya 4,72 faiz artaraq 99,21 ABŞ dolları təşkil edib.

“Urals” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,5 ABŞ dolları və ya 6,34 faiz artaraq bir barel üçün 75,48 ABŞ dollarına çatıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 4,53 ABŞ dolları və ya 4,82 faiz artaraq bir barel üçün 98,49 ABŞ dolları olub.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

"Trading Economics"in məlumatına görə, xam neftin qiyməti cümə axşamı ardıcıl üç sessiya bahalaşdıqdan sonra bir barel üçün 91 ABŞ dollarından aşağı düşüb. Bildirilib ki, investorlar Yaxın Şərqdə yenidən başlayan hərbi əməliyyatları və Hörmüz boğazının açılmasına yönəlmiş səyləri qiymətləndirirlər.

"ABŞ Prezidenti Donald Tramp İrana qarşı son hücumların qısamüddətli olacağını bildirib. Bununla yanaşı, o, ABŞ-nin növbəti zərbələrə hazır olduğunu vurğulayıb və Vaşinqtonun Hörmüz boğazına nəzarət etdiyi barədə əvvəlki fikirlərini təkrarlayıb.

ABŞ bu həftə strateji su yolu ətrafında İranın hədəflərinə yeni zərbələr endirib. Bu hücumlar təxminən bir aylıq nisbi sakitlikdən sonra baş verib və Tehran pilotsuz uçuş aparatları və raketlərlə Yaxın Şərqdəki ABŞ bazalarına zərbələr endirməklə cavab verib.

Yenidən başlayan hərbi əməliyyatlara baxmayaraq, neft tankerlərinin Hörmüz boğazından keçidi davam edib. Boğazdan sutkada orta hesabla 8 milyon barel neft daşındığı bildirilir.

ABŞ-də isə rəsmi məlumatlara görə, ötən həftə xam neft ehtiyatları 4,5 milyon barel azalıb. Bu, iyulun sonundan bəri ehtiyatlarda qeydə alınan ilk azalmadır", - məlumatda qeyd edilib. (Trend)